Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Qeyri-neft sektorunun inkişafı iqtisadiyyatın şaxələndirilməsi siyasətinin məntiqi nəticəsidir


Bu ilin ilk yarısında ölkədə 39 milyard 915 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal edilib. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalsa da, qeyri- neft-qaz sektorunda 5,1 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 3 987,6 manata bərabər olub. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 23,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən dünyanın 169 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirilib, 100 ölkəyə məhsul ixrac olunub, 156 ölkədən idxal edilib.

Postpandemiya dövrünün çətinliklərinin obyektiv səbəblər üzündən hələ də tamamilə aradan qaldırılmadığı, müəyyən problemlərin nəzərə çarpdığı bir şəraitdə belə uğurlu göstəricilərin əldə edilməsi təsadüfi deyil. Bu, ilk növbədə, COVID-19 virusu ilə mübarizə aparıldığı, həmçinin Vətən müharibəsi getdiyi bir dövrdə reallaşdırılan layihələrin dayan­dırılmamasının, sosial-iqtisadi islahatların davamlı olaraq gerçəkləşdirilməsinin, son 17 ildə yaradılan möhkəm təmələ, güclü bazaya əsaslanmanın məntiqi nəticəsidir.

Bunları AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov açıqlamasında bildirib.

Emin Bağırov qeyd edib ki, pandemiya və müharibə şəraitində ölkəmizdə dövlət başçımızın müdrik siyasəti ilə ötən illərdəki sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlılığı qorunub saxlanılıb, xarici iqtisadi təsirlər neytrallaşdırılıb. Şübhəsiz ki, bu za­man iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi ilə bağlı icra olunan layihələr bu ilin 6 ayında müsbət sosial-iqtisadi göstəricilərin əldə edilməsini şərtləndirib.

Son illərdə neftdən asılılığın minimuma endirilməsi məqsədi ilə qeyri-neft sektoru­nun inkişafı istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi, sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsa­lının genişləndirilməsi, habelə yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanma­sının nəticəsidir ki, Azərbaycanda qeyri- neft-qaz sektoru üzrə yetərli pozitiv nəticə–5,1 faiz artım qeydə alınıb.

Emin Bağırov fikirlərinin davamında bildirib ki, Azərbaycanın regionda güclü sənaye mərkəzinə çevrilməsini təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın hazırlanması və qəbul edilməsi də ölkədə qeyri-neft sektorunun inkişafını sürətləndirib. Məhz bunun nəticəsidir ki, pandemiya və xarici təsirlərə baxmayaraq, respublikada qeyri-neft sənayesi ən yüksək templərlə yüksəlib və ötən il bu sahədə 12,5 faiz artım qeydə alınıb. Adıçəkilən proqramda nəzərdə tutulan vəzifələrin reallaşdırılması nəticəsində sənaye sahələri modernləşdirilib və strukturu təkmilləşdirilib, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli, elmtutumlu və innovativ istehsal sahələri genişləndirilib.

Hazırda dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, qeyri-neft sənayesinin inkişafı məqsədi ilə sənaye parkları və məhəllələrinin yaradılmasının davam etdirilməsi, rezidentlərin fəaliyyətinin genişləndirilməsi, yeni iştirakçıların cəlb edilməsi kimi məsələlərin diqqət mərkəzində saxlanılıması da qeyri- neft-qaz sektorunda məhsul istehsalı artımını şərtləndirir.

Emin Bağırov açıqlamasının sonunda deyib: “Bu gün ölkənin sənaye parkla­rında yüksək nəticələrə nail olmaq üçün rezidentlərin səmərəli fəaliyyəti məqsədilə hər cür şərait yaradılıb, vergi və göm­rük sahəsində stimullaşdırıcı tədbirlər tətbiq edilib. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadan­lıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunublar. Bundan başqa, sənaye parklarında dövlət vəsaiti hesabına müasir infrastruktur yara­dılıb, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilib.

Bütün bunlar isə qlobal bəlaya çev­rilmiş koronavirus pandemiyası ilə apa­rılan səmərəli mübarizənin daha da sürətlənməsinə, Qarabağda aparılan bərpa-quruculuq işlərinin genişmiqyaslı xarakter almasına müsbət təsir göstərir, iqtisadiyyatın xarici təsirlərə dözümlülüyünü artırır”.

“Xalq qəzeti”

Faydalı linklər