Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Böyük Qələbənin simvolu olan Prezident


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə hər il 27 sentyabr Anım, 8 noyabr isə Zəfər bayramı günləri kimi qeyd ediləcək. Bu gün artıq bütün Azərbaycan xalqı, bütün türk dünyası Zəfər Günümüzü böyük coşqu, qürurla qarşılamaqdadır. Sentyabrın 27-dən başlayan və 2020-ci il noyabrın 10-da Rusiya Federasiyası Prezidenti Vladimir Putinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə bəyanat imzalaması Ermənistanın hərbi təslim aktı ilə başa çatan 44 günlük Vətən müharibəsi Zəfərlə başa vuraraq Qarabağımıza qovuşduq.

44 günlük müharibənin hər günü növbəti ərazilərimizin işğaldan azad olunması ilə yekunlaşırdı. Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. Hər gün Azərbaycan Ordusu irəli  gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər  azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Bu məqamlarda ürəkdən səslənən, xalqın hisslərini əks etdirən hər bir söz, hər bir fikir xalqın hafizəsinə əbədi həkk oldu, dillər əzbərinə çevrildi. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Prezident İlham Əliyevin xalqa müraciətlərində düşmən tərəfə ünvanladığı mesajlar bu gün əhalinin dilində əzbərə çevrilib. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər.

Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Əsgərlərimizin yüksək döyüş ruhu və əzmkarlığı bizə qələbə qazandırdı. Yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır. Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır.

Ali Baş Komandan İlham Əliyev hər bir azərbaycanlının qəlbində xüsusi milli-mənəvi yeri olan Şuşanın azad edilməsi ilə bütün Qarabağı Azərbaycana qaytardı. Tarixən belə deyilib: Şuşa Qarabağın açarıdır, Şuşa kimdədirsə, Qarabağ da ondadır. Ümummilli Lider Heydər Əliyev deyirdi ki, Şuşasız Azərbaycan yoxdur. Şuşanın işğaldan azad edilməsi və yenidən qovuşması Azərbaycanın varlığı, inkişafı və daha güclü dövlət olması deməkdir.

Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Qardaş Türkiyənin dəstəyi müharibənin aqibətini müəyyən etmiş həlledici amillərdən biridir. Türkiyə Prezidentinin ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu baxımdan, 2020-ci il dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradında cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı və qardaş Türkiyə Ordusunun Azərbaycan Ordusu ilə çiyin-çiyinə olması ayrıca qürurverici hadisə idi. Bu, bir daha xalqlarımıza, Türk dünyasına, beynəlxalq ictimaiyyətə, eləcə də düşmənə, onun havadarlarına xüsusi mesaj idi.

Liderimiz daim çıxışlarında “Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır” deyirdi. O, ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq zəfər qazandı.

Azərbaycanın tarixində yeni səhifə başlanır. Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Hər bir vətəndaşımız bu məsələlərdə fəal olmalıdır.

Qələbən mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər