Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Mehriban Əliyeva: İnsanların ümid ünvanı!


Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva cəmiyyətimizdə xalqa və dövlətə sədaqətli xidməti ilə sayılıb-seçilən, sevilən şəxsiyyətə çevrilib. Mehriban xanım hər zaman üzərinə düşən sosial, siyasi, eləcə də mədəni missiyanı düzgün dəyərləndirib, bunun nəticəsində isə xoş məram və məqsədləri ilə milyonların rəğbətini qazanıb.

Mehriban xanım Əliyeva daim mədəniyyət, xeyriyyə, qayğı, yardım etmə kimi humanist fəaliyyətlə məşğul olub. Uzun illər Heydər Əliyev Fondunun prezidenti kimi vətənpərvərliyə, humanizmə, mərhəmətə əsaslanan proqramlar, başqa sözlə, Azərbaycanla yanaşı, regionda, Rusiya Federasiyasında, Asiya ölkələrində, Avropada çox humanist məzmunlu mədəniyyət layihələri reallaşdırıb.  O, təhsil, səhiyyə, mədəniyyət, idmanın inkişafı, həqiqətlərimizin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması, dünya xalqlarının mədəniyyətinə inteqrasiyası istiqamətində genişmiqyaslı tədbirlər gerçəkləşdirib.

Bu sözləri söhbətində AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

O daha sonra bildirib: “Mehriban xanımın ölkə daxilində və dünya arenasında həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev onu Vətənimizin ən ali mükafatı – “Heydər Əliyev mükafatı” ilə təltif edərkən vurğulayıb ki, Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır: “Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycannın olduğu kimi dünyaya təqdim edilməsi- bütün bu şərəfli funksiyalar bu Fondun üzərinə düşür”.

Adı çəkilən Fond, yuxarıda qeyd etdiyim kimi, ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi və təbliği istiqamətində gördüyü işlərlə bərabər,  həm də milli-mənəvi dəyərlərimizin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması istiqamətində də önəmli rol oynayıb. Bütün bununla yanaşı, Fond xarici ölkələrdəki unikal mədəniyyət abidələrinin bərpası prosesində yaxından iştirak edib, Fransada Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal sarayını, Parisdə XIV əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək edib. Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında imzalanan Anlaşma Memorandumuna əsasən, Fond Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsinə də dəstək verib.

Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, tariximizin qorunması istiqamətində yorulmaz səyi nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri YUNESKO-nun müvafiq siyahılarında yer alıb. Başqa sözlə, muğam sənəti, aşıq sənəti, Novruz bayramı, İçərişəhər, tar ifaçılığı sənəti YUNESKO-nun nadir, şah əsərləri sırasına daxil edilib.

Emin Bağırov söhbətində bir məqamı da diqqətə çatdırıb: “Azərbaycanın Birinci vitse-prezidenti uzun illər ərzində müxtəlif tribunalardan ölkəmizin haqq sözünü, Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın hərbi təcavüzü nəticəsində 1 milyondan çox soydaşımızın doğma yurdlarından didərgin salındığını dünya birliyinin diqqətinə çatdırıb. Lakin dünyada mövcud olan, xüsusilə ölkəmizə qarşı tətbiq edilən ikili standartlar münaqişənin ədalətli  həllinə mane olub. Mehriban xanım Əliyeva bununla bağlı çıxışlarının birində deyib: “Niyə Azərbaycanın bir milyon qaçqın və məcburi köçkününün ən əsas hüququ – öz doğma torpağında, öz evində yaşamaq hüququ pozulub? Niyə bu təşkilatlar bu insanların hüquqlarının bərpası üçün heç bir səy göstərmirlər? Niyə dünya mediasının səhifələrində, saytlarında bu barədə məqalələr dərc etdirmirlər? Niyə dünya ictimaiyyətinə dolğun və doğru informasiya çatdırmırlar? Niyə işğalçı ölkəyə qarşı lazımi təzyiqlər göstərilmir? Bütün bu sualların cavablarını biz bilirik və hamı bilməlidir ki, əsas səbəb Azərbaycanın gücü, Azərbaycanın möhkəmlənməsi, Azərbaycanın müstəqilliyi və Azərbaycanın müstəqil siyasətidir”.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz Ermənistanın ardıcıl təxribatlarının, yeni işğal planlarının qarşısını almaq, tapdaq altındakı torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən başladığı əks-həmlə əməliyyatları ilə 44 gün çəkən zəfər yürüşündə inanılmaz uğurlarla Mehriban xanım Əliyevanın vurğuladığı ədalətsizliyi aradan qaldırdı, erməni işğalına son qoydu, məcburu köçkünlərimizin doğma od-ocaqlarına qayıdışını şərtləndirdi.

Erməni faşizminin, eləcə də onun havadarlarının mənfur əməllərinin bütün dünyaya göstərilməsi üçün Mehriban xanım Əliyeva istər işğal dövründə, istər Vətən müharibəsi günlərində səmərəli fəaliyyət göstərib. Başqa sözlə, İkinci Qarabağ savaşında Birinci vitse-prezident Ali Baş Komandan İlham Əliyevlə birlikdə Ermənistanın qəsbkar siyasəti, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması ilə əlaqədar çıxışlar edərək, müsahibələr verərək, informasiya blokadasının yarılmasında mühüm rol oynayıb.

Məhz yuxarıda vurğuladığım qısa ştrixlərdən belə nəticəyə gəlmək olur ki, Mehriban xanım Əliyevanın mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən qaynaqlanan humanist fəaliyyətinin özülündə, təməlində məhz xalqa layiqli, nümunəvi xidmət məram-məqsədi dayanır, millətə dərin sevgisi, rəğbət hissi durur.

Emin Bağırov sonda qeyd edib ki, Mehriban xanım Əliyeva öz səmərəli, çoxşaxəli, zəngin fəaliyyəti ilə Azərbaycanda qadın hərəkatını canlandıraraq, tarixdə yeni bir mərhələnin əsasını yaradıb. Bununla həm də Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası barədə beynəlxalq aləmə dövlətimizin bu sahədəki mövqeyni çatdırıb.

https://moderator.az/

Faydalı linklər