Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Rəyasət Heyətinin iclası keçirilib


Noyabrın 24-də Azərbaycan Milli  Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər – Arif Həşimov, İsa Həbibbəyli, İbrahim Quliyev, Dilqəm Tağıyev, Rasim Əliquliyev, Tofiq Nağıyev, Cəmil Əliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, eləcə də Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov və aidiyyəti üzrə dəvət olunmuş şəxslər iştirak ediblər.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyevaya 75, AMEA-nın müxbir üzvü Arif Məmmədova 80, AMEA-nın müxbir üzvü Məsumə Məmmədovaya 70 və AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyevə 75 illik yubileyləri münasibətilə AMEA-nın Fəxri fərmanını təqdim edib.

Sonra bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib, ilkin olaraq AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin Sosial xidmətlər şöbəsinin əsasnaməsi təsdiqlənib.

Müzakirəyə çıxarılan növbəti məsələ AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin nəzdində Tibb Mərkəzinin yaradılması haqqında olub. Mövzu ilə bağlı çıxış edən AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik-katib, akademik Arif Həşimov Akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması, sağlamlığının qorunması və onlara vaxtında tibbi xidmətin göstərilməsi zərurəti yarandığını söyləyib. O, qeyd edilən məsələlərin həlli istiqamətində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığına əsasən, Rəyasət Heyəti aparatının İşlər idarəsinin nəzdində Tibb Mərkəzinin yaradılması ilə bağlı ilkin sənədin hazırlandığını diqqətə çatdırıb.

Daha sonra Rəyasət Heyəti tərəfindən AMEA əməkdaşlarının və ailə üzvlərinin sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müayinə, müalicə, maarifləndirmə və digər tibbi tədbirlərin həyata keçirilməsi məqsədilə AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin nəzdində Tibb Mərkəzinin yaradılması haqqında qərar qəbul olunub. Tibb Mərkəzinin Abşeron rayonunun Saray qəsəbəsində elm və təhsil işçiləri üçün nəzərdə tutulmuş “Science City” yaşayış kompleksində yerləşməsi qərarlaşdırılıb.

Yığıncaqda, həmçinin daxili imkanlar hesabına AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda Hüququn yeni sahələri şöbəsinin, o cümlədən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Hacıqabul şəhərində Şirvan Filialının yaradılması barədə qərarlar verilib, eləcə də Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun və Mərkəzi Nəbatat Bağının strukturunda qismən dəyişiklik edilib. Bundan əlavə, iclasda AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı və İslam Mustafayevin 70 illik yubileyləri haqqında qərarlar verilib.

Rəyasət Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələ AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin institutlarında dərman bitkiləri üzrə tədqiqatların nəticələrinin kommersiyalaşdırılması ilə bağlı olub. Müzakirələrdə Azərbaycanın dərman və müalicəvi bitkilərlə zəngin olduğu, bu istiqamətdə AMEA-da bir sıra mühüm tədqiqatların aparıldığı və önəmli nəticələrin əldə edildiyi vurğulanıb.

Rəyasət Heyətinin qərarı ilə Biologiya və Tibb Elmləri Bölməsinin institutlarında dərman bitkiləri ilə bağlı tədqiqatların nəticələrinin kommersiyalaşdırılması, hüquqi, iqtisadi, texnoloji və digər məsələlərin həlli istiqamətində təkliflərin hazırlanması məqsədilə AMEA-nın Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənovun sədrliyi ilə komissiya yaradılıb.

İclasda bir sıra kadr məsələlərinə də baxılıb. Biologiya elmləri doktoru Səyyarə İbadullayeva AMEA-nın Botanika İnstitutunun, Natiq Allahverdiyev isə Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsinə təsdiqləniblər.

Tədbirdə çıxış edən Natiq Allahverdiyev AMEA rəhbərliyinin tapşırığı ilə son aylarda Mərkəzi Nəbatat Bağında aparılan yoxlamalardan və mövcud problemlərdən danışıb. Qeyd edib ki, müəssisənin sabiq rəhbərliyi və Botanika İnstitutunun keçmiş direktorunun birgə iştirakı əsasında bağ üçün ayrılan və ekskursiyadan əldə olunan maliyyə vəsaitləri mənimsənilib, nəticədə Mərkəzi Nəbatat Bağında heç bir quruculuq işləri həyata keçirilməyib, ərazidəki ağaclar və bitkilər baxımsız vəziyyətdə qalıb. Akademik Ramiz Mehdiyevin tapşırığına əsasən son günlərdə Mərkəzi Nəbatat Bağında aparılan genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri barədə məlumat verən Natiq Allahverdiyev qeyd edib ki, müəssisənin ərazisində suvarma sisteminin səmərəli təşkili məqsədilə yeni su boruları çəkilib, ərazidəki kol-kos və qurumuş ağaclar təmizlənib, zəif inkişaf etmiş tinglər yenisilə əvəzlənib. Həyata keçirilən yenidənqurma və bərpa işlərinin ilin sonuna kimi tamamlanacağını deyən N.Allahverdiyev hazırda Mərkəzi Nəbatat Bağının ekskursiyaya açıq sahələrinin yolboyu hissələrində beton döşəmə plitələrinin salındığını, işıqlandırma sisteminin quraşdırıldığını diqqətə çatdırıb.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Mərkəzi Nəbatat Bağı və Botanika İnstitutundakı yoxlamaların nəticəsinə toxunub və bir müddət əvvələ qədər sözügedən müəssisələrdəki özbaşınalıqlardan danışıb. Mərkəzi Nəbatat Bağının son illərdə bir növ Botanika İnstitutunun filialı kimi fəaliyyət göstərdiyini deyən akademik Ramiz Mehdiyev artıq həmin müəssisələrin nüfuzunun bərpası və sistemli elmi tədqiqatların aparılması üçün addımların atıldığını bildirib, qurumlarda işgüzar mühitin formalaşması üçün müvafiq tapşırıqlarını verib.

Daha sonra akademik Arif Həşimov Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətinin 25-28 noyabr tarixlərində ölkəmizə səfərinə hazırlıqla bağlı görülən işlərə dair Rəyasət Heyətinin üzvlərinə məlumat verib.

Qeyd edək ki, iclasda müzakirə olunan məsələlər ətrafında akademiklər Arif Həşimov, İsa Həbibbəyli, İbrahim Quliyev, Dilqəm Tağıyev, Rasim Əliquliyev, Cəmil Əliyev, Fikrət Əliyev və Adil Qəribov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

© Mənbə: www.science.az

Faydalı linklər