Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Heydər Əliyev ömrü insan iradəsinin yenilməzliyinə parlaq nümunədir


Azərbaycan tarix boyu bəşəriyyətə böyük dühalar bəxş edib. Xalqımızın ulu öndəri Heydər Əliyev bu şəxsiyyətlərin sırasında ən uca zirvələrdən birində qərar tutub. Uca zirvələr uzaqdan daha aydın göründüyü kimi, Heydər Əliyev şəxsiyyətinin əzəməti və böyüklüyü də illər ötdükcə daha dərindən dərk olunur. Buna mütənasib olaraq xalqın öz dahi oğluna məhəbbət və ehtiramı da artır.

Ümummilli lider Heydər Əliyevin vəfatından ötən 18 ildə Azərbaycan tanınmaz dərəcədə dəyişib. Ölkəmizin dinamik inkişafı hər bir sahədə, hər bir bölgədə, xüsusən ildən-ilə gözəlləşən Bakının simasında aydın görünür. Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə qlobal layihələr həyata keçirilib, vaxtilə xəyal hesab edilən transmilli energetika və nəqliyyat layihələri uğurla reallaşdırılıb. TANAP və TAP boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi… Zamanın dəyişə bilmədiyi yeganə reallıq xalqın öz böyük oğluna tükənməz məhəbbətidir. Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ideyaları yaşayır, yollarımızı daim işıqlandırır. Bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında yer alıb, azsaylı kosmik ailənin üzvünə çevrilib. Səsimiz beynəlxalq kürsülərdən daha gur eşidilir, bayrağımız uca zirvələrdə dalğalanır. Bu möhtəşəm, dünyanı heyran qoyan uğurların əsasında Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır.

Ulu Öndərin anım günündə bu dahi şəxsiyyətin xilaskarlıq missiyası xüsusi minnətdarlıqla xatırlanır. Ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş xalq ötüb keçənləri unutmayıb və xilasına görə özünü Heydər Əliyevə borclu sayır. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan böyük izdiham Ulu Öndərin xatirəsinə bəslənən tükənməz sevgi və ehtiramdan xəbər verir.

Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin illər öncə böyük uzaqgörənliklə dediyi bu sözlər yada düşür: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.

Həmin vaxt 17 ildən sonra yetişdi. Dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu. İldən-ilə güc toplayan Azərbaycan, onun rəşadətli Ordusu düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı.

Ali Baş Komandan İlham Əliyevin 18 illik prezidentliyi dövründə qurulmuş Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusu sırasında yer alır, onun arsenalında ən müasir silahlar var. Öz liderinə, Ali Baş Komandanına inanan və güvənən bu ordu, igid Azərbaycan əsgəri öz qanı, canı bahasına 30 illik işğala son qoydu.

Bu gün ulu öndərimiz Heydər Əliyevin ruhu şaddır.

Vətənə və xalqa bağışlanmış ömür

Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. İntibah və milli şüurun oyanışı onun hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində dönməz xarakter alıb.

Daha qlobal miqyasda baxılarsa, Heydər Əliyev sağlığında əfsanələşmiş, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən, dövlət xadimlərindən biri idi. Dünyanın məşhur simaları Heydər Əliyev barəsində bu gün də heyranlıqla, böyük ehtiramla danışır, onu siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik şəxsiyyət adlandırırlar.

Bu böyük insan təlatümlər, çətin sınaqlar, aramsız mübarizələrlə dolu bir həyat yaşayıb. Elə bir həyat ki, nə zaman, nə də məkan anlayışına sığmır. O, bütün mübarizələrdən qalib çıxıb. Heydər Əliyev ömrü insan iradəsinin yenilməzliyinə parlaq nümunədir. Vətənə və xalqa bağışlanmış bu ömrün ayrı-ayrı məqamları, tarixi anları fotoşəkillərdə yaşayır.

Heydər Əliyevin portret cizgiləri sırasında onun ailəyə münasibəti də qabarıq ştrixlərlə seçilir. Gəncliyindən yüksək vəzifələr tutub, çiyinlərində böyük bir ölkənin yükünü daşıyıb, istirahət nə olduğunu bilməyib. Bununla belə, ailə üzvləri ilə birlikdə gözəl anlar yaşamağa da imkan tapıb. Ulu Öndərin ailə albomundakı fotoşəkillərdə biz onu doğmalarının əhatəsində görürük.

Tənəzzüldən inkişafa gedən yol

Azərbaycanın ən yeni tarixi və intibah dövrü Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Onun 1969-cu ildən başlayan və 30 ildən artıq davam edən rəhbərliyi dövründə Azərbaycan misilsiz inkişaf yolu keçib. Həmin illər haqlı olaraq tariximizin Heydər Əliyev dövrü adlandırılır.

Heydər Əliyevin ölkə rəhbəri seçilməsi ilə həyatın ritmi dəyişdi: ölkədə canlanma və yüksəliş, geniş quruculuq işləri başlandı. Bakıda o dövr üçün nadir müəssisələr – məişət kondisionerləri zavodu, dərin dəniz özülləri zavodu, memarlıq incilər olan binalar – “Gülüstan” sarayı, indiki Heydər Əliyev Sarayı tikildi, Yeni Əhmədli, Günəşli kimi nəhəng yaşayış massivləri, mikrorayonlar salındı. Pambıq, tərəvəz, üzüm istehsalı dəfələrlə artdı. Bunun məntiqi nəticəsi olaraq əhalinin güzəranı da yaxşılaşdı, Azərbaycan intibah dövrünə qədəm qoydu.

Azərbaycan xalqının qürur və iftixar mənbəyi

Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevlə bütün dövrlərdə qürur duyub. O, vaxtilə SSRİ-nin əsas rəhbər orqanı olan Siyasi Büronun üzvü seçilmiş, daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdi. Bu hadisələr Azərbaycanda əsil bayram əhvali-ruhiyyəsi ilə qarşılanmışdı. Doğrudan da azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe tutması qürurverici idi.

Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi təbii ki, Azərbaycanın xeyrinə oldu. O, öz nüfuzundan və yüksək vəzifənin imkanlarından istifadə edərək bir sıra ittifaqmiqyaslı layihələri Bakıya yönəltdi. Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən gördüyü nəhəng işlər, fitri təşkilatçılıq bacarığı Heydər Əliyevin şöhrətini durmadan artırırdı. Bununla eyni vaxtda ona qarşı paxıllıq və həsəd hissləri də baş qaldırırdı.

Mixail Qorbaçov siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə qarşı aparılan bədnam kampaniya açıq müstəviyə keçdi. O, ölkə rəhbərliyi ilə aralarında yaranmış ciddi ixtilaf səbəbindən vəzifəsindən istefa verdi. Bundan istifadə edən erməni şovinistləri Azərbaycana qarşı məkrli planlarını həyata keçirməyə başladılar. Onda da, indi də bir çoxları əminliklə deyir: “Əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, nə Qarabağ, nə də Qara Yanvar hadisələri baş verməzdi”.

Böyük xilaskarın qayıdışı

Vətənin və xalqın ağır günlərinə biganə qala bilməyən Heydər Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycana qayıtdı. Ölkənin siyasi rəhbərliyi onun xalq arasında nüfuzundan qorxur, Bakıya yolunu hər vəchlə kəsməyə çalışırdı. Bu səbəbdən doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu.

Heydər Əliyev muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Üçrəngli bayrağımız ilk dəfə məhz Naxçıvanda ucaldıldı, Yeni Azərbaycan Partiyasının təməli burada qoyuldu. Onun muxtar respublikaya rəhbərliyi dövründə qəbul olunmuş cəsarətli, gələcəyə hesablanmış qərarlar Azərbaycanın sonrakı taleyində həlledici rol oynadı.

Bu böyük siyasətçinin şəxsi nüfuzu sonradan müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizin beynəlxalq arenaya inamla çıxmasını şərtləndirdi. Onu dünyanın hər yerində hörmətlə qarşılayır, sözünü eşidirdilər.

Ulu Öndər “Əsrin müqaviləsi” ilə Azərbaycanın inkişafının başlanğıcını qoydu

1994-cü ildə Azərbaycan investisiya qoyuluşu baxımından riskli ölkə sayılırdı. Xarici şirkətlər Azərbaycan neftinə sərmayə qoymağa tərəddüd edirdilər. Heydər Əliyev “Amoko”, “BP”, “Yunokal”, “LUKoyl”, “Statoyl”, “Ekson”, “İtoçu” kimi nəhəng şirkətləri inandıra bildi ki, Azərbaycana qoyulan sərmayə hədər getməyəcək. Beləliklə, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair “Əsrin müqaviləsi” adı almış neft kontraktları imzalandı. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın inkişafında müstəsna rol oynadı.

Sonra vaxtilə xəyal hesab olunan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ərsəyə gəldi. Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi kimi nəhəng layihələr reallaşdırıldı. Azərbaycanın təşəbbüsü olan digər mühüm layihənin -Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi tamamlandı, Azərbaycan qazı Avropa bazarına çatdırıldı. Bu transmilli enerji və nəqliyyat layihələri Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu artırır və ölkəmizi beynəlxalq aləmdə mühüm aktora çevirir.

Ulu Öndərin layiqli varisi İlham Əliyev Azərbaycanı inamla irəli aparır

Ulu Öndərimizin daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsidir. O, həyatının son günlərində xalqa müraciətində yazırdı: “Mən İlham Əliyevə özüm qədər inanıram”. Əminliklə bildirirdi ki, İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq.

O vaxtdan ötən 18 ilin möhtəşəm uğur salnaməsi Ulu Öndərin öz inamında yanılmadığının əyani təsdiqidir. Yeni əsrin yeni lideri olan Prezident İlham Əliyev praqmatik və müdrik siyasəti ilə Azərbaycanı daim irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə güclü dəstək verir və onun arxasınca inamla gedir. Xalq-iqtidar birliyi Azərbaycanı yeni zəfərlərə doğru aparır. Bunun ən bariz nümunəsi Qarabağ Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsidir.

AzərTac

Faydalı linklər