Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Alimlər tərəfindən hazırlanmış yeni vaksin qocalıq prosesini işə salan hüceyrələri məhv edir


Yaponiyalı alimlər qocalan hüceyrələrlə mübarizə məsələsində ciddi nailiyyətə sahib olublar. Belə ki, onlar qocalan hüceyrələri  məhv etməyi bacaran xüsusi vaksin hazırlaya biliblər. Məlumatda qeyd edilib ki, alimlər tərəfindən hazırlanmış vaksin arterial sərtlik, şəkərli diabet və orqanizmin qocalması ilə əlaqəli olan digər xəstəliklərin müalicəsində istifadə oluna bilər.

Bölünmə bacarığından məhrum olmuş hüceyrələr qocalan hüceyrələr hesab edilir. Bu cür hüceyrələr yaxınlıqda olan sağlam hüceyrələri zədələyərək orqanizmdə iltihab yaradan kimyəvi maddə ifraz edirlər. Alimlər isə insanların və siçanların qocalmış hüceyrələrində mövcud olan zülalı təyin etməyi bacarıblar. Təyin edilmiş zülal əsasında alimlər peptid vaksin yaradıblar. Sözügedən vaksin vasitəsilə orqanizm antibədənlər ifraz edir və həmin antibədənlər qocalmış hüceyrələrə birləşirlər.

Nəticədə insan qanında olan leykositlər qocalmış hüceyrələri məhv edirlər. Yaradılmış yeni vaksinin arterial sərtlik xəstəliyinə sahib siçanlar üzərində təcrübədən keçirilməsi nəticəsində çoxlu sayda qocalmış hüceyrələr məhv olublar. Bununla belə qocalmış hüceyrələr tərəfindən zədələnmiş sahələr də kiçiliblər. Alimlər təyin ediblər ki, təcrübədən keçmiş yaşlı siçanlar özlərini daha yaxşı hiss etməyə başlayıblar, onların qocalma prosesləri isə ləngiyib. Qocalmış hüceyrələrin məhv edilməsi üçün nəzərdə tutulmuş digər dərman preparatları ilə müqayisədə yeni vaksin daha böyük effektivlik və daha az yan təsir sərgiləyib. Bu cür vaksin xərçəngə qarşı vasitələrin yaradılması sahəsində inqilabi həllərə yol aça bilər.

https://rg.ru/2021/12/15

Faydalı linklər