Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutun əməkdaşları tanınmış alim, akademik Zahid Xəlilovun Fəxri Xiyabanda məzarını ziyarət etdilər


Bu gün 2022-ci il yanvarın 14-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları, başda AMEA-nın müxbir üzvü, İnstitutun baş direktoru, professor Misir Mərdanovla birlikdə müasir Azərbaycan riyaziyyat məktəbinin banilərindən biri, riyaziyyat üzrə ilk elmlər doktoru, ilk akademik, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun yaradıcısı və ilk direktoru, akademik Zahid Xəlilovun məzarını ziyarət etdilər.

Zahid İsmayıl oğlu Xəlilov 1911-ci il yanvarın 14-də Tiflis şəhərində anadan olmuş, burada orta məktəbi və pedaqoji texnikumu bitirdikdən sonra 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə daxil olmuşdur. 1930-cu ildə Universitet fəaliyyətini dayandırdıqdan sonar, Zahid Xəlilov təhsilini Pedaqoji Universitetdə davam etdirmişdir.

Z.Xəlilov elmi fəaliyyətə 1937-ci ildə Tiflisdə Stefan Berqmanın rəhbərliyi altında aspirant kimi başlamş, sonralar SSRİ Elmlər Akademiyasının (EA) akademiki N.Musxelişvilinin rəhbərliyi altnda elastiklik nəzəriyyəsi ilə məşğul olmuşdur.  Görkəmli alim 1942-ci ildə SSRİ EA-nın Azərbaycan filialının fizika sektorunda yeganə riyaziyyatçı olaraq elmi fəaliyyətə başlamışdr.

Z.Xəlilov doktorluq elmi dərəcəsi almış ilk azərbaycanlı riyaziyyatçı idi. Onun 1946-cı il iyun ayının 3-də, 35 yaşında Tbilisi Dövlət Universitetində müvəffəqiyyətlə müdafiə etdiyi doktorluq dissertasiyasında aldığı elmi nəticələr riyaziyyat elminin qızıl fonduna daxil edilmişdir. Konkret tətbiqi əhəmiyyəti olan məsələlərin həlli üçün yeni metodlar yaratması və onları uğurla bu məsələlərin həllinə tətbiq etməsi istedadlı alimin yaradıcılığının xarakterik cəhətlərindən idi.

Alimin  əsas tədqiqatları funksional analiz, onun inteqral və diferensial tənliklərə tətbiqi, bütöv mühit mexanikası, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi, tətbiqi riyaziyyat və riyaziyyatın başqa sahələrinə aiddir. Bundan başqa, o poliharmonik tənliklər sistemi üçün ümumi sərhəd məsələsini həll etmiş, Furye sıralarının analoqunu və qarışıq tipli model tənlikləri üçün şəbəkə üsulunu vermiş habelə, mücərrəd sinqulyar operatorlar nəzəriyyəsini yaratmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər