Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Gədəbəyin alim qadınları” adlı kitabın təqdimatı keçirilib


AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) kitabxananın icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızının və Gədəbəy Aşıq məktəbinin direktoru, Azərbaycan Yazıçıları və Aşıqlar birliklərinin üzvü Etibar Nadiroğlunun həmmüəllif olduqları “Gədəbəyin alim qadınları” adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev nəşr olunan kitabın əhəmiyyətindən danışıb. Bildirib ki, gədəbəyli alim qadınların məşğul olduqları elm sahələri müxtəlifdir. Baş direktor qeyd edib ki, bu mövzunu kitab səviyyəsində araşdırmaq və oxucuların ixtiyarına vermək təqdirəlayiq addımdır. Bu baxımdan kitabın müəlliflərini təbrik edib.

Kitabın “Ön sözü”nün müəllifi Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxışı zamanı bildirib ki, Gədəbəy rayonu xüsusilə elm və təhsil sahəsində Azərbaycanda önəmli addımlarıyla diqqət çəkməkdədir. Misir Mərdanov vurğulayıb ki, əslən bu bölgədən olan alimlərin soraqları keçmiş Sovet İttifaqı, həmçinin dünya miqyasında ölkəmizə şərəf, fəxarət gətirmiş və bu ənənə davam etməkdədir.

Təqdimatda Gədəbəy-Tovuz seçki dairəsi üzrə millət vəkilləri Sevinc Hüseynova, Arzu Nağıyev və professor Maarifə Hacıyeva, şair-publisist Vahid Aslan çıxışlarında Gədəbəyin alim qadınlarına həsr olunmuş bu kitabın diqqətlə, maraqla qarşılanacağından əminliklərini ifadə ediblər, müəllif-tərtibçilərin ünvanına xoş diləklərin çatdıraraq, kitabla bağlı müsbət fikirlərini bölüşüblər.

Sonda müəllif MEK-in icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı çıxış edərək təqdimatın gerçəkləşməsində əməyi keçən hər kəsə təşəkkür edib.

© Mənbə: www.science.az

Faydalı linklər