Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutun əməkdaşları akademik Akif Hacıyevin məzarını ziyarət ediblər


Bu gün 2022-ci il fevralın 3-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları, başda AMEA-nın müxbir üzvü, İnstitutun baş direktoru, professor Misir Mərdanovla birlikdə müasir Azərbaycan riyaziyyat məktəbinin banilərindən biri,  əməkdar elm xadimi,  akademik  Akif  Hacıyevin məzarını ziyarət etdilər.

Akif Hacıyev 1937-ci il dekabrın 8-də Bakı şəhərində görkəmli tənqidçi, ədəbiyyatşünas alim, professor Cəfər Xəndanın ailəsində anadan olub. Orta məktəbi Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1960-cı ildə universiteti bitirərək, təyinatla Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna göndərilib. İnstitutda kiçik elmi işçi, elmi katib, böyük elmi işçi, şöbə müdiri və direktor vəzifələrində çalışıb. 1992-1999 -cu illərdə Türkiyə tərəfinin dəvəti ilə  Ankara Universitetinin professoru kimi fəaliyyət göstərmişdir.

1999-cu ildə elmi fəaliyyətini yenidən Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda şöbə müdiri olaraq davam etdirən Akif Hacıyev, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi seçilmişdir.  2004-cü ildən 2013-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktoru işləmiş, 2013-cü ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur.

Akademik Akif Hacıyev “AMEA-nın Məruzələri”, “AMEA-nın Xəbərləri”, “ADPU-nun Xəbərləri” jurnallarının redaksiya heyətlərinin üzvü, “AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının baş redaktoru olmuşdur.
İstedadlı alim və tədqiqatçı Akif Hacıyev 2010-cu ildən ömrünün sonuna qədər Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti olmuş və bütövlükdə respublikada riyaziyyat və mexanika elmlərinin inkişafında yüksək ixtisaslı riyaziyyatçı alimlərin hazırlanmasında əvəzsiz xidmətlər göstərmişdir. Azərbaycan Riyaziyyat Cəmiyyətinin xətti ilə nəşr edilən və baş redaktoru olduğu “Azerbaijan Journal of Mathematics” jurnalında bu gün də dünyanın müxtəlif ölkələrindən olan tanınmış alimlər öz məqalələrini dərc etdirirlər. Həmin jurnal 2015-ci il dekabrın 22-də Thomson Reuters agentliyinin ilkin bazasına daxil edilmişdir.

Akif Hacıyev 1964-cü ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1982-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1985-ci ildə riyazi analiz ixtisası üzrə professor elmi adını almışdır. O, 1989-cu ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Akademik Akif Hacıyev səmərəli elmi fəaliyyəti ilə respublikamızda müasir riyaziyyat elminin inkişafına sanballı töhfələr vermişdir. Onun riyaziyyatın müxtəlif aktual problemlərini, o cümlədən operatorlar nəzəriyyəsi, sinqulyar inteqrallar və digər istiqamətləri əhatə edən araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Funksiyalar nəzəriyyəsi sahəsinin yeni biliklərlə zənginləşməsində həmin tədqiqatların əhəmiyyətli rolu vardır. O, qeyri-məhdud çoxluqlarda təyin olunmuş kəsilməz funksiyalar sinfində Korovkin tipli teoremlər isbat etmiş, vahid dairədə analitik olan funksiyalar fəzasında təyin olunmuş xətti operatorların tədqiqi və həmin operatorların approksimativ xassələrinin araşdırılması istiqamətində mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən ciddi nəticələr əldə etmişdir. Alimin riyazi analizin bir sıra sahələrinə dair əldə etdiyi nəticələr xarici ölkələrdəki ayrı-ayrı monoqrafiyalarda çap olunaraq yeni araşdırmaların aparılmasına təkan vermişdir.

Alimin rəhbərliyi altında Azərbaycanda və Türkiyədə onlarla riyaziyyat üzrə fəlsəfə doktoru və fizika-riyaziyyat elmləri doktoru hazırlanmışdır.

Akademik Akif Hacıyevin zəngin elmi və elmi-təşkilati fəaliyyəti lazımınca qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə bir sıra mükafatlar almışdır. Alim müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan “Şöhrət” ordeninə layiq görülmüşdür.

3 fevral 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər