Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib


İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Gündəlikdə duran  növbəti məsələ İnstitutun magistrantlarının attestasiyası ilə bağlı olub. Professor Misir Mərdanov çıxışında elm, təhsil və innovasiyaların inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib.  Dövlətimizin başçısının Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsinin gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına, magistr və doktorantura təhsilinin beynəlxalq standartlar əsasında qurulmasına mühüm töhfə verəcəyini vurğulayıb. Gənclərin elmi fəaliyyətə daha fəal cəlb olunması istiqamətində davamlı addımların atılmasının zəruri olduğunu diqqətə çatdırıb.

Professor Misir Mərdanov attestasiya komissiyasının üzvlərinə təşəkkür edərək attestasiyanın obyektiv aparıldığını bildirib və nəticələri diqqətə çatdırıb.

İclasda çıxış edən Riyaziyyat və Mexanika  İnstitutunun elmi işlər üzrə direktor müavini r.e.d.,  professor Ədalət Axundov bildirib ki, müəssisədə 5 ixtisas üzrə 15 magistrant təhsil alır, onlardan  doqquzu I kurs, altısı II kursdur. Qeyd edib ki,bütün magistrantlar attestasiyadan keçmiş hesab olunublar.

Tədbirdə 14 yanvar 2022-ci il tarixində “Elm” qəzetində dərc olunmuş elana əsasən, ümumilikdə şöbələr üzrə seçkilərin keçirilməsi məsələsinə də baxılıb. Elmi işçilərin seçilməsinə dair məsələlər səsə qoyularaq qəbul olunub. Həmçinin II-ci kurs magistr Vüsalə Rzayevanın dissertasiya mövzusunun qismən dəyişdirilməsi ərizəsi qəbul olunub.

Elmi Şuranın iclasında gündəlikdə olan məsələlər şura üzvləri ilə müzakirə edildikdən və yekdil qərarlar qəbul olunduqdan sonra professor Misir Mərdanov bütün məsələlərlə bağlı təkliflərini bildirib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər