Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutun əməkdaşları tanınmış alim, akademik Fəraməz  Maqsudovu Fəxri Xiyabanda məzarını ziyarət etdilər


2022-ci il  martın 18-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları, başda AMEA-nın müxbir üzvü, İnstitutun baş direktoru, professor Misir Mərdanovla birlikdə müasir Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri, əməkdar elm xadimi, akademik Fəraməz Maqsudovun məzarını ziyarət etdilər.

Maqsudov Fəraməz Qəzənfər oğlu 1930-cu il martın 20-də Azərbaycan Respubli­kası Naxçıvan şəhərində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Uni­versitetini (BDU) bitirmişdir. 1959-cu ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1976-cı ildə professor elmi adını almış, 1976-cı ildə AEA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilmişdir.

Akademik Fərəməz Qəzənfər oğlu Maqsudov 1974-cü ildən AMEA-nın Riyaziy­yat və Mexanika İnstitutunun direktoru, 1981-1997-ci illərdə “fizika-texnika və riyaziyyat” elmləri şöbəsinin akademik-katibi vəzifəsində işləmişdir.

1997-ci ildə Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuşdur. O, respublikada yüksək ixtisaslı riyaziyyatçı kadrların yetişdirilməsi işinə uzun müddət rəhbərlik etmişdir. Akademiyanın institutları ilə ölkənin və dünyanın bir çox elm mərkəzləri arasında çoxşaxəli elmi əlaqələrin yaranmasında, elmi-tədqiqat institutlarının strukturunun təkmilləşməsində və müasirləşməsində, onların fundamental tədqiqatlarla yanaşı, tətbiqi əhəmiyyətli problemlərin həllində fəal iştirakının təşkilində böyük rol oynayıb. Akademik Fərəməz Maqsudov hər zaman gənclərə böyük qayğı göstərib, elmə gənc, istedadlı tədqiqatçıların gəlməsini daim diqqətdə saxlayıb. Akademikin elmi rəhbərliyi ilə 100-dən artıq namizədlik və doktorluq dissertasiyası müdafiə olunub.

Akademik F. Maqsudov diferensial operatorların spektral nəzəriyyəsi, spektral analizin tərs məsələləri, diferensial tənliklər nəzəriyyəsi, bütöv mühit mexanikası sahəsində görkəmli mütəxəssislərdən biri olmuşdur. Alim kəsilməz spektrə malik geniş sinif operatorlar dəstələrinin spektral nəzəriyyəsini hazırlamış azalan potensiallı Şredinger operatoru­nun müsbət məxsusi ədədləninin olması haqqında yeni meyar vermişdir. Onun rəhbərliyi altında 70-dən çox namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur. O, 300-dən çox elmi məqalənin, bir neçə monoqra­fi­ya­nın və dərsliklərin müəllifidir.  Akademik  Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə bir sıra mükafatlar almışdır,  2000-ci ildə “İstiqlal” ordeni ilə təltif edilmişdir.

30 iyul 2000-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiya­banda dəfn edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər