Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunda 28 May-Müstəqillik Günü qeyd olunub


Riyaziyyat və Mexanika İnstitutunda 28 May-Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə AMEA-nın Riyaziyyat Mexanika İnstitutunun baş direktoru, akademiyanın müxbir üzvü, professor Misir Mərdanov çıxış edərək 28 May – Müstəgillik  Günü  münasibəti ilə iştirakçıları təbrik edərək, bu günün tarixi və fəlsəfi mahiyyəti barədə geniş çıxış edib. Professor M.Mərdanov müsəlman Şərqində yaranmış ilk demokratik respublikanın mövcud olduğu qısa müddət ərzində əldə edilmiş nailiyyətlərdən danışıb. Qeyd edib ki, 1918-ci il mayın 28-də qəbul olunmuş “İstiqlal Bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan etməklə yanaşı onun Qafqazdakı sərhədlərini də müəyyənləşdirirdi. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir-çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.

Sonra AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov çıxış edərək müstəqilliyini bərpa etdikdən sonra hər il bu bayramın ölkəmizdə böyük təntənə ilə qeyd olunduğunu bildirib. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salındığını, bu mühüm tarixi və ictimai-siyasi hadisənin milli yaddaşda yeri və rolunun ətraflı təhlil edildiyini, dövlət quruculuğu təcrübəsi baxımından hərtərəfli öyrənildiyini vurğulayıb. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu və cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün atılmış böyük addımlar idi.

Natiq, müstəqilliyimizin qorunub saxlanmasında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların Ulu Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyalarının təntənəsi olduğu bildirilib. Bunun ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində xalqımızın parlaq qələbəsi və ərazi bütövlüyümüzün bərpası olmuşdur.

Tədbirdə çıxış edənlər 30 il əvvəl Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsini xalqımızın tarixində böyük hadisə kimi qiymətləndirib, ölkənin əldə etdiyi tarixi uğurlar barədə fikirlərini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər