Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan alimlərinin yeni texnoloji həlli Vyetnam Sosialist Respublikasının “Belıy Tiqr” (“Vietsovpetro”) neft yatağında sınaqdan keçirilmişdir


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Maye və qaz mexanikası” şöbəsində işlənmiş yeni texnoloji üsul və həllər uzun illərdir ki, neft-qaz hasilatı sahəsində çalışan şirkətlərin maraq dairəsində olmuş və indi də olmaqdadır.

Şöbədə yaradılmış çoxsaylı innovativ texnologiyalar Azərbaycanda – SOCAR-ın Neft Daşları, 28 May, N. Nərimanov, Qum Adası, Abşeronneft, Binəqədi, Qarasu; Çin Xalq Respublikasında – Sinopec, Petrochina, CNOOC neft şirkətlərin Yanjiao, Jidong, Bohai Bay, Cunyan yataqlarında; ABŞ-da – GTT, Meksika körfəzi, Oklahoma şt. yataqlarında; Rusiya Federasiyasında – LUKOİL, Nijnevartovskneft, Surgutneftegaz, Gazpromneft, Slavneft və Permneft şirkətlərinin Langepas, Koqalım, Uray, Samotlor, Novo-Pokursk, Fyedorovsk, Lyəntor, Polazna və s. yataqlarında öz tətbiqlərini tapmışdır.

Belə texnologiyalar sırasında AMEA RMİ-nin alimləri tərəfindən – Azərbaycan MEA-nın müxbir üzvü, professor Qeylani Pənahovun rəhbərliyi ilə işlənib hazırlanmış tərkiblə boru kəmərlərinin su, kondensat və mexaniki qarışıqlardan təmizlənməsini xüsusilə qeyd etmək olar.

Bildiyimiz kimi dəniz neft qaz yataqlarının istismarında flüidlərin yığım və nəqli ilə əlaqədar həyata keçirilən texnoloji proseslər mürəkkəb olub, çox da məsuliyyətlidir. Bu şəraitdə stasionar platformalara çıxışları olan rayzerlərə malik sualtı boru kəmərləri korroziyaya uğramaqda və ətraf mühitə təsirdə çox həssasdırlar. Belə şəraitdə boru kəmərində maye və digər qarışıqların yığılması həm də kəmərin buraxma qabiliyyətinin azaldılmasına gətirdiyindən, bu vacib məsələnin həlli xüsusi aktuallıq tələb edir.

Burada dəniz neft-qaz yataqlarının işlənməsində istismarda olan qaz kəmərlərində xüsusi buraxılış kameraların olmaması, uzunluğu 70 m-dən çox rayzerlərin və mürəkkəb həndəsi quruluşa malik olması, bu obyektlərdə təmizlənməni daha da çətinləşdirir.

Belə problemin Vyetnam Sosialist Respublikası, Vietsovpetro şirkətinin “Belıy Tiqr” yatağında stasionar platformaları arasında olan qaz kəmərlərində mövcudluğu qeyd olunmuşdur.

RMİ-da bu problemlə əlaqədar texnoloji həllərin varlığını bilərək , məsələnin həlli ilə əlaqədar Vyetnam Sosialist Respublikasının PV-Chem (“Petrovietnam”) şirkəti tərəfindən Azərbaycan MEA-nın əməkdaşları professor Qeylani Pənahov və dosent Eldar Abbasov sınaq tədqiqatlarının aparılması üçün Vunqtau şəhərinə dəvət edilmişdir.

Vunqtau şəhərinə ezam olunan Azərbaycan alimləri Vietsovpetro ETİ-da, elmi tədqiqat institutunun direktor müavini, t.e.n. Aleksey İvanov, Vietsovpetro istehsalat-texniki şöbəsinin şöbə müdiri Le Dan Tam və PV-Chem şirkətinin nümayəndələrinin birgə iştirakı ilə bu istiqamətdə yaranmış çətinliklər və onların həlləri müzakirə edilərək , tədqiqat planı işlənib hazırlamışdır.

İlk növbədə PV-Chem Şirkətinin bazasında təklif olunan həll ilə əlaqədar eksperimental tədqiqatlar aparılmış, müsbət nəticələrin təsdiqindən sonra yeni özlü elastiki tərkib və texnoloji işlənmə, 8-13 iyul 2022-ci il tarixlərində Vyetsovpetro-nun mütəxəssisləri, Azərbaycan MEA-nın əməkdaşları və PV-Chem şirkətinin nümayəndələrinin birgə iştirakı ilə DSP-7 və DSP-5 stasionar platformaları arasında 1500 m uzunluğunda çətin relyefə malik qaz kəmərində uğurla sınaqdan keçirilmişdir.

Aparılan əməliyyat nəticəsində qaz kəmərinin təmizlənməsinə nail olunmuş, proses maksimum 5 atm təzyiq altında 8 m3 su və kondensat sıxışdırılması ilə başa çatdırılmışdır.

Sınaq zamanı əldə edilmiş müsbət nəticələr Azərbaycan alimlərinin Vyetnamın neft-qaz sənayesində digər yeni işlənmələrin tətbiqi üçün də yaxşı əsas olmuşdur.

Burada lay təzyiqinin anormal-aşağı olması şəraitində neft quyularının “boğulması”, quyuda udulma , yüksək keçiricilikli layların selektiv izole edilməsi və bir sıra digər texnoloji həllər gələcəkdə birgə tədqiqat əməkdaşlığı üçün vacib məsələlər kimi qeyd olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər