Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı beynəlxalq konfrans öz işinə başlayıb


Aprelin 26-da AMEA-nın Əsas binasında AR Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Əvvəlcə elmi ictimaiyyətin nümayəndələri Fəxri Xiyabanda müasir Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini anıb, məzarı üzərinə tər gül dəstələri qoyub, ruhu qarşısında baş əyiblər.

Beynəlxalq tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Heydər Əliyev İli” çərçivəsində respublikada Ulu Öndərə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini xatırladıb. Akademik İsa Həbibbəyli bugünədək AMEA-da Ümummilli Liderin əvəzsiz xidmətlərinə, fəaliyyətinə həsr olunmuş çoxsaylı əsərlərin işıq üzü gördüyünü vurğulayıb, “Heydər Əliyev İli”nə töhfə olaraq yeni kitab və monoqrafiyaların nəşr olunmasının nəzərdə tutulduğunu qeyd edib.

AMEA rəhbəri bildirib ki, müstəqilliyin başlanğıc illərində ölkənin üzləşdiyi mürəkkəb ictimai, siyasi və hərbi vəziyyətdən xilas olmasında böyük təcrübəyə sahib olan dünya şöhrətli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur: “Məhz Heydər Əliyevin zəngin təcrübəsi, dövlət başçısı kimi qətiyyətli mövqeyi, səriştəsi, liderlik qabiliyyəti Azərbaycan xalqını və müstəqil Azərbaycan dövlətini neçə-neçə böyük imtahanlardan çıxarıb, böyük xilaskarlıq missiyasını həyata keçirməyin, ölkəni qoruyub saxlamağın və inkişaf etdirməyin əsl yoluna çevrilib”.

“Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, İlham Əliyev kimi dünya liderləri ilə bir sırada dayanan Prezidenti var”, – deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, hazırda müstəqil Azərbaycan iqtisadiyyat, elm, təhsil, səhiyyə, rabitə, bir sözlə bütün sahələrdə yeni mərhələyə qədəm qoyub və böyük addımlarla gələcəyə doğru uğurla irəliləyir.

AMEA rəhbəri bu gün Azərbaycan elminin yenidən qurulduğunu, təşkilatlandığını və yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyib.

Akademik İsa Həbibbəyli çıxışının sonunda bildirib ki, Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə keçirilən bugünkü beynəlxalq konfrans Ulu Öndərin xatirəsinə bir töhfə olmaqla yanaşı, həm də riyaziyyatın aktual problemlərinin müzakirəsi və dünyanın müxtəlif ölkələrindən konfransa qatılmış riyaziyyatçı alimlərlə elmi əlaqələrin möhkəmləndirilməsinə dəstək verəcək.

Daha sonra Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” adlı məruzə ilə çıxış edib.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin nadir siması və müstəqil Azərbaycan dövlətinin əbədiyyət rəmzi, ölkənin inkişafı və xalqımızın taleyi baxımından böyük tarix yaratmış görkəmli şəxsiyyət olduğunu bildirən Misir Mərdanov əvvəlcə Ulu Öndərin həyatı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Heydər Əliyev Naxçıvanda dövlət təhlükəsizlik orqanlarında işlədiyi səkkiz il müddətində mütəxəssis kimi yetişmiş, həmin dövrdə onlarla insan sərt rəsmi qaydalara baxmayaraq, məhz Ümummilli Liderin müdaxiləsi ilə ölüm düşərgələrindən, sürgünlərdən xilas olmuşdur.

“Ulu Öndərin həyata keçirdiyi müdrik və məqsədyönlü siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan, 15 müttəfiq respublika arasında 14-cü yerdə olan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilə bildi”, – deyə məruzəçi əlavə edib. O, respublikamızın sabahını quran bu dahi insanın ömrünün sonunadək xalqına şərəflə xidmət etdiyini vurğulayıb.

Baş direktor qeyd edib ki, 1969-cu ildәn 1980-ci illәrin ortalarına qәdәr Azәrbaycanın şәhәr, kәnd vә qәsәbәlәrindә müasir tәlәblәrә cavab verәn 700-ә qәdәr mәktәb binasının tikilməsi, beş yeni ali məktəbin açılması, ali məktəb tәlәbәlәrinin sayının 70 mindәn 100 minә çatdırılması, 1970-ci illәrdәn başlayaraq 1987-ci ilədək 15000-dən çox Azərbaycan gәncinin Azәrbaycandan kәnarda tәhsil almağa göndәrilmәsi, 1972-ci ildәn başlayaraq hәr il 300-400 azәrbaycanlı gәncin hәrbi ali tәhsil almaq üçün SSRİ-nin müxtәlif ali mәktәblәrinә göndərilməsi, eləcə də şairlәrə, yazıçılara, incәsәnәt xadimlәrinə, müəllimlərinə SSRİ-nin әn yüksәk mükafatı olan Sosialit Əməyi Qəhrəmanı vә fәxri adların verilməsi Ümummilli Liderin Azərbaycan xalqı qarşısında xidmətlərinin yalnız kiçik bir hissəsidir.

Məruzəçi əlavə edib ki, 1993-cü ildə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir vaxtda Azərbaycan xalqı dahi lider Heydər Əliyevin hakimiyyətə gəlməsi tələbi ilə ayağa qalxmış, həmin ilin iyunun 15-də Ulu Öndər Azərbaycan Ali Sovetinin sədri, 1993-cü il oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

“Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində qısa zaman kəsiyində ölkəmiz düşdüyü xaosdan, vətəndaş müharibəsi təhlükəsindən, parçalanmaqdan xilas oldu”, – deyə professor Misir Mərdanov diqqətə çatdırıb.

Alim çıxışının sonunda Azәrbaycan tarixindә dәrin izlәr qoymuş Heydәr Әliyevin әziz vә parlaq xatirәsinin qәdirbilәn xalqımızın qәlbindәn heç vaxt silinmәyәcәyini, onun qurduğu Azәrbaycan dövlətinin әbәdi yaşayacağını vurğulayıb.

Tədbirdə çıxış edən Türkiyənin Uşak Universitetinin rektoru, professor Ekrem Savaş, Özbəkistan Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun direktoru, akademik Şavkat Ayupov, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi, akademik Asəf Hacıyev, professor Hamlet İsaxanlı və digərləri Ulu Öndərin misilsiz xidmətlərindən danışıb, Ümummilli Liderin Azərbaycan elminə və təhsilinə verdiyi töhfələrdən, bu istiqamətdə həyata keçirdiyi islahatlardan bəhs ediblər.

Qeyd edək ki, Azərbaycanın alim və mütəxəssisləri ilə yanaşı, dünyanın 15 ölkəsindən 23 nümayəndənin iştirak etdiyi, 180-dən çox məruzənin təqdim olunacağı konfrans aprelin 28-dək davam edəcək.

© Mənbə: www.science.az

Faydalı linklər