Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanın müstəqillik qazanmasından 105 il keçir


1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür.

1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin, Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Nasib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxslinkinin və başqalarının böyük xidmətləri olmuş, bu görkəmli şəxslərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. O dövrdə yaradılmış Azərbaycan  Xalq  Cümhuriyyəti, Avropanın demokratik dəyərləri ilə şərq mədəniyyətinin xüsusiyyətlərini birlaşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılmasında mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta  bir çox Avropa ölkələrindən daha öncə qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, milli ordunun, təhlükəsizlik strukturlarının və s. işlərin görülməsi Xalq Cümhuriyyətinin yürütdüyü siyasətin mahiyyət və mənasını  əyani şəkildə səciyyələndirir. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrilib. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb.  Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci il).

Təəsüf ki, o dövrdə dünyada baş verən mürəkkəb proseslərin nəticəsi olaraq cümhuriyyət süqüt etdi. Lakin XX əsrin sonlarında Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyimizin əbədi və dönməzliyini təmin etdi, onun sarsılmaz təməllərini yaratdı. Beləliklə, müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 28 May – Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Beləliklə, həmin qanun təsdiq ediləndən sonra Azərbaycan Müstəqillik Gününü qeyd edir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradır. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Ümummilli Liderin qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır.

Hər bir Azərbaycan vətəndaşı öz dövləti ilə qürur duyur. Artıq üçüncü ildir ki, bu dövlət bayramını qalib xalq kimi qeyd edirik. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbə Azərbaycanı bütün dünyaya güclü, qüdrətli dövlət kimi bir daha tanıtdı.  Bu əziz bayram erməni işğalından azad edilən torpaqlarda da qeyd olunur. Üçrəngli bayraq doğma Qarabağda – Şuşada, Ağdamda, Zəngilanda, Laçında qürurla dalğalanır.

Müstəqil Azərbaycan dövləti daha da güclənəcək və üçrəngli bayrağımız daim zirvələrə yüksələcək!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər