Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi Tərlan Qarayevin 60 yaşı tamam olur


Qarayev Tərlan Zəfər oğlu 8 dekabr 1963-cü ildə Azərbaycan Respublikası, Göyçay rayonunda anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin (BDU)  Mexanika-Riyaziyyat fakültəsində təhsil almışdır.1992-1995-ci illərdə Azərbaycan Milli ordusunda hərbi xidmət edib. Qarabağ müharibəsi veteranıdır. 2013-cü ildə “Defekt bazislər və onların tətbiqləri”mövzusunda riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiysı müdafiə etmişdir.

Elmi fəaliyyəti dövründə Banax fəzasında sonsuz defektə malik sistemin bazisliyi üçün kriteriya vermiş və kafi şərtlər tapmışdır. Multiplikator dilində həyəcanlanmış eksponent sistemə və sinus, kosinus sistemlərinə nəzərən “1/4-Kadets” teoreminin Lp-analoqunu tapmışdır. Sinus-kosinus tipli sistemlərin çəkili Lebeq fəzalarında bazislik xassələri arasında əlaqələr vermişdir.

2007-ci  ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunun “ Qeyri-harmonik analiz şöbəsində kiçik elmi işçi, kimi fəaliyyətə başlamışdır. Hazırda, o, adı çəkilən şöbədə aparıcı elmi işçi vəzifəsində çalışır.

O, Respublikada və xarici ölkələrdə keçirilən elmi konfranslarda fəal iştirak edərək riyaziyyat və mexanikanın müasir aktual problemlərinə həsr olunmuş elmi məruzələrlə çıxışlar etmişdir. Tərlan Qarayev 30-dan çox elmi əsərin müəllifidir. O, Azərbaycan Respublikasının Prezidenti yanında  Elmin İnkişaf Fondu tərəfindən qrantların verilməsi üzrə 1-ci Azərbaycan- Rusiya birgə beynəlxalq qrant müsabiqəsinin “Operatorlar nəzəriyyəsində funksiyalar nəzəriyyəsi metodları” və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları birgə İKT müsabiqəsinin “Regional Ekoloji monitoring mərkəzi sisteminin riyazi modelləşdirilməsi və proqram təminatı” layihəsinin qalibi olmuş və sertifiklara layiq görülmüşdür.

Tərlan Qarayev yüksək insani keyfiyyətləri ilə, dərin daxili mədəniyyəti və ünsiyyətdə olan hər bir insanın ona qarşı olan böyük hörmətini və ehtiramını qazanıb.

Hörmətli Tərlan  müəllim! İnstitutun kollektivi  Sizi 60 yaşı tamam olması münasibətilə təbrik edir, insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi-pedaqoji, ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər