Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür


2003-cü ildən ötən hər il 12 dekabr tarixi xalqımız tərəfindən unudulmaz Ulu öndər Heydər Əliyevin anım günü kimi ehtiramla yad edilir.
Hər bir xalqın tarixində, hər bir dövlətin qurulmasında, yaşamasında, inkişaf etməsində böyük şəxsiyyətlər mühüm əhəmiyyət kəsb edirlər. Onların dövlət quruculuğunda rolu, insanları ümumi bir məqsəd naminə səfərbər etmələri, xalqı mütəşəkkil qüvvə olaraq formalaşdırması, öz arxalarınca apara bilmək qabiliyyəti və s. kimi siyasi və idarəçilik keyfiyyətləri bu cür şəxsiyyətlərin lider kimi qəbul olunmalarına əsas verir. XX əsrin axırlarında yenidən müstəqillik qazanan Azərbaycan Respublikasının mövcudluğu  və bu gün dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsi xalqın  haqlı olaraq ümummilli lider hesab etdiyi Heydər Əliyevin tarixi və misilsiz fəaliyyətinin nəticəsidir.Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrdə də davam edən şanlı tarixinin otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz bütün bu illərdə Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət  kimi  tarixin  mürəkkəb  sınaqlarından uğurla çıxarmış, güclü, öz sözü olan demokratik, dünyəvi müasir Azərbaycan dövlətini yaratmışdır.Ulu öndər Heydər Əliyevin alternativi olmayan daxili və xarici siyasətinin, strateji və siyasi xəttinin görkəmli şəxsiyyət, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmışdır. Bugünkü müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin əsəridir və ölkəmizin qüdrətli dövlətə çevrilməsi üçün ölkədə yalnız Heydər Əliyevin siyasətinin davam etdirilməsi həyati zərurətdir.

Heydər Əliyev suverenliyimiz, müstəqilliyimiz uğrunda ömrünü gilə-gilə əridən, ürəklərdə, könüllərdə, qəlblərdə özünə əbədi heykəl qoyan rəhbər, qüdrətli, ədalətli, dəyanətli dövlət başçısı olmuşdur. Heydər Əliyev seçdiyi yola, ideyalara bütün varlığı ilə inanan, bu ideyaların həyata keçməsi üçün əzmlə, qətiyyətlə, fədakarlıqla mübarizə aparan, həyatı boyu yararlı və dəyərli işlər görən və bununla da adilikdən ayrılan, cismani yoxluğundan sonra da ürəklərdə, beyinlərdə yaşayan qüdrətli bir şəxsiyyətdir.

Milli olduğu qədər də dünyəvi olan Heydər Əliyev öz şərəfli adı, genişmiqyaslı quruculuq fəaliyyəti, böyük tarixi əməlləri, mütərəqqi fikir və idealları ilə xalqımızın və eləcə də bütün bəşəriyyətin yaddaşına əbədi köçmüşdür.

Ruhun şad olsun Ümummilli lider, Ulu öndər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər