Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabatları müzakirə olunub


Mərkəzi Elmi Kitabxanada AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş iclası keçirilib.

Öncə FRTEB üzrə elmi müəssisələrin nailiyyətlərinə həsr olunmuş sərgiyə baxış keçirilib.

İclası açıq elan edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev öncə cari ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiq olunduğunu xatırladıb. Alim Akademiyanın yeni Nizamnaməsində bir sıra funksiyaların, o cümlədən elmi müəssisələrin, respublika üzrə müxtəlif elmi-tədqiqat qurumlarının fəaliyyətinin elmi nöqteyi-nəzərdən qiymətləndirilməsi, problemlərin müəyyənləşdirilməsi, elmi ekspertizanın keçirilməsi, hesabatların təşkili kimi işlərin elmi bölmələrə həvalə olunduğunu söyləyib. Akademik Rasim Əliquliyev hesabatlara həsr olunmuş Ümumi yığıncağın iclaslarında bölmənin əhatə etdiyi elmi müəssisələrdə araşdırılan elmi problemlərin yenidən nəzərdən keçirilməsi, dövlət və cəmiyyətin maraqlarına uyğunlaşdırılması, əldə olunan mühüm elmi nəticələrin nüfuzlu elmi bazalara daxil olan jurnallarda dərc edilməsi, elmi təşkilatların və tədqiqatçıların elmmetrik göstəricilərinə diqqətin artırılması, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, ali məktəblər və elmi-tədqiqat müəssisələri arasında münasibətlərin qurulması, birgə tədqiqatların həyata keçirilməsi istiqamətində intellektual diskussiyaların aparılmasının önəmini qeyd edib.

Sonra iclasda Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun, İdarəetmə Sistemləri İnstitutunun, Fizika İnstitutunun, Radiasiya Problemləri İnstitutunun, Biofizika İnstitutunun, Milli Aviasiya Akademiyasının, İnformasiya Texnologiyaları İnstitutunun 2023-cü ildə aparılan elmi-tədqiqat işlərinin yekunları ilə bağlı hesabatları dinlənilib.

Daha sonra iclasda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov çıxış edərək FRTEB-nin elmi müəssisələrində aparılan tədqiqatları, mühüm elmi nəticələri yüksək qiymətləndirib. O, çıxışında dövlət başçısının 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nda hazırda bütün dünyada son dərəcə aktual olan kriptoqrafiya məsələlərinin yer aldığını, bununla bağlı müvafiq dövlət qurumlarının, alim və mütəxəssislərin qarşısına mühüm vəzifələrin qoyulduğunu vurğulayıb. Azərbaycanda kriptoqrafiya ilə bağlı qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsinin, kompleks tədqiqatların aparılmasının, bu sahədə elmi məktəbin formalaşmasının müasir dövrün tələbi olduğunu deyib. Eyni zamanda, ölkəmizdə kriptoqrafiya sahəsində görülən işlər, əldə edilən nailiyyətlər haqqında məlumat verib.

Müvafiq elmi müəssisələrdə aparılmış elmi tədqiqatların nəticələrinə dair fikir mübadiləsi aparıldıqdan sonra hesabatlar qəbul olunub.

Akademik Rasim Əliquliyev FRTEB-nin əhatə etdiyi elmi müəssisə və təşkilatların il ərzində səmərəli fəaliyyət göstərdiklərini, mühüm elmi nəticələr əldə etdiklərini söyləyib. O, bölmənin əhatə etdiyi elmi müəssisə və təşkilatlarda nəzəri tədqiqatlarla yanaşı, Azərbaycan dövlətinin və cəmiyyətinin maraqlarına xidmət edən tətbiqi araşdırmalara da üstünlük verilməsini alim və ziyalılarımızın dövlət başçısının yürütdüyü siyasətə dəstəyi kimi dəyərləndirib.

azertag.az

Faydalı linklər