Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib


Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun kollektivi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsini dərin ehtiramla yad edib.

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canını qurban vermiş şəhidlərin adının tariximizə əbədi həkk olunduğunu bildirib. Professor 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən faciənin bəzi məqamlarını yada salıb. O, həmin gün ermənilərin fitvası ilə törədilmiş bu cinayətin xalqımızın iradəsini qıra bilmədiyini vurğulayıb. Qeyd edib ki, 20 Yanvar hadisələri faciə kimi qeyd olunsa da, əslində xalqımızın tarixində ən qürurlu, ən şərəfli gündür. Xalqımız həmin vaxt bir daha dünyaya göstərdi ki, onun müstəqillik və azadlıq mübarizəsinin qarşısını heç bir qüvvə ala bilməz.

Bu gün biz ötən dövrlərə baxıb qürur hissi ilə 20 Yanvar şəhidlərini yad edirik, ona görə də biz Qanlı Yanvar hadisəsini yalnız faciə kimi qiymətləndirmirik.  Azərbaycan xalqı 1990-cı ilin Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı və bu gün həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 34 il keçməsinə baxmayaraq, Vətənimizin azadlıq mübarizəsində şəhid olanların hər biri bizim yaddaşımızda əbədi qalacaqdır.

Onların xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər