Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun direktoru “Heydər Əliyevin 100 illiyi(1923-2023)”yubiley medalı ilə təltif edilib


Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasının Dairəvi zalında Elm Günü münasibətilə “Elm Günü və Günün elmi: humanitar tədqiqatlar və süni intellekt” mövzusunda təntənəli tədbir keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Xalq rəssamı akademik Ömər Eldarov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev, millət vəkilləri Fazil Mustafa, Ülviyyə Həmzəyeva, AR Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, AMEA Rəyasət Heyətinin üzvləri, həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları və respublika elmi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Elm Günü və Günün elmi: Humanitar tədqiqatlar və süni intellekt” mövzusunda giriş nitqi dinlənilib. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli bu əlamətdar günün ölkəmizdə geniş qeyd olunduğunu söyləyib.

Sonra ölkə başçısının 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülmüş şəxslərə mükafatlar təqdim olunub.

Təltif olunanların arasında  Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb.

Alim ali təltifə görə Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.

Bununla yanaşı səmərəli elmi fəaliyyətə görə 27 Mart Elm Günü münasibətilə professor Misir Mərdanova Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər