Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan fəlsəfi fikir tarixinin görkəmli nümayəndəsi


Əzəldən taleyinə keşməkeşli, təlatümlü qismət yazılan Heydər Nəcəf oğlu Hüseynov qısa ömür yolunda xalqının ictimai-siyasi və fəlsəfi fikir tarixində misilsiz uğurlar əldə etmişdir. Alimin 1949-cu ildə yazdığı “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” adlı monoqrafiyası 1950-ci ildə “Stalin” mükafatına layiq görülmüşdür. Lakin aparılan əks-təbliğat nəticəsində müəllif Mircəfər Bağırovun qəzəbinə tuş gəlir. XX əsrin yetirdiyi böyük fikir və ideya müəllifinə qarşı iftiralar başlayır və o, təqib olunur. Həmin dövrdə Azərbaycanda alim və ədiblərə, yeni fikir sahiblərinə qarşı aparılan deportasiya, edam kabusu onun üçün də hər an gözlənilirdi. Bu isə böyük alimə qarşı haqsızlıq, ədalətsizlik idi. Çünki bu insan bütün ömrünü, taleyini ölkəsinin elm, fəlsəfə tarixinə həsr etmiş və bu sahədə ağlasığmaz nailiyyətlər qazanmışdır.

Varlı tacir ailəsində doğulub, atasız böyüsə də, elm sahəsində olduqca zəngin həyat yolu keçmiş, adını Azərbaycan fəlsəfi fikir tarixinə qızıl hərflərlə yazmışdır. Böyük şəxsiyyət, dövlət xadimi, akademik dərin biliyi və yüksək təfəkkürü sayəsində cəmi 42 illik zaman çərçivəsinə böyük bir tarixi, əməyi və fəaliyyəti sığışdıra bilmişdir.

Heydər Hüseynov 3 aprel 1908-ci ildə qədim Azərbaycan şəhəri olan İrəvanın mərkəzində, Təpəbaşı məhəlləsində dünyaya gəlmişdir. Atası o vaxtın tanınmış tacirlərindən Hacı Nəcəf Kərbəlayi oğlu, anası isə Məşədi Gülsüm xanım olmuşdur. Gülsüm xanım olduqca ağıllı, öz dövrü üçün geniş dünyagörüşünə sahib qadın kimi oğlunun təlim-tərbiyəsində böyük rol oynamışdır. Həyat yoldaşı Hacı Nəcəflə bir çox Şərq ölkələrində və dini mərkəzlərdə olan Gülsüm xanımın bilik və dünyagörüşü övladlarının da həyatına öz təsirini göstərmişdir. Altı uşaqlı ailənin kiçiyi olan Heydər hələ körpə ikən atasını itirmişdir. 1918-ci ilə kimi ailə İrəvan şəhərində yaşamışdır. Ermənilərin apardıqları siyasət nəticəsində o dövrdə şəhərdə vəziyyət milli zəmində gərginləşmiş, ixtilaf nəticəsində Heydər Hüseynovun böyük qardaşı Yusif 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilmişdir. Bundan sonra ailənin bütün ağırlığı Gülsüm xanımın üzərinə düşmüş, İrəvanda təzyiqlərlə üzləşən ailə əvvəlcə Batum şəhərinə, sonra isə Stavropola köçmüşdür.  1920-ci ildə Bakı şəhərinə gələn, çətinlik içərisində yaşayan ailənin sonbeşiyi Heydər Hüseynov on iki yaşında 18 nömrəli məktəbdə ilk təhsilinə başlamış, 1927-1931-ci illərdə ovaxtkı Lenin adına Pedaqoji İnstitutun həm şərqşünaslıq, həm də pedaqoji fakültələrində təhsil almışdır. Ərəb və fars dillərini mükəmməl öyrənmiş, 1924-cü ildə Pedaqoji Texnikumun kitabxanasında əmək fəaliyyətinə başlamışdır. 1932-ci ildə Azərbaycan Elmi-Tədqiqat İnstitutunun aspirantı olan Heydər Hüseynov 1936-1940-cı illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru işləmişdir. 1943-1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin əvvəl marksizm-leninizmin əsasları, fəlsəfə kafedrasının müdiri, 1945-1950-ci illərdə isə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru olmuşdur.

1930-cu illərdə fəlsəfə elmini tədris edən Heydər Hüseynov filosof Əhməd ağa Kazımov ilə birlikdə Azərbaycan dilində fəlsəfəyə aid “Dialektik materializm”, “Dialektika və metafizika” və “Dialektika və tarixi materializm” adlı ilk dərslikləri yazmışdır. Bir sıra ali məktəblərdə fəlsəfədən dərs deyən Heydər Hüseynov 1936-cı ildə Azərbaycan Sovet Ensiklopediyasının hazırlanmasında iştirak etmiş və 1940-cı ildə isə baş redaksiyaya rəhbərlik etdiyi zaman “Şərəf” nişanı ordeninə layiq görülmüşdür. 15 iyun 1939-cu ildə Tiflis şəhərində “Mirzə Fətəli Axundovun fəlsəfi görüşləri” adlı dissertasiyasını, 1942-ci ildə “Vətənpərvər şair Səməd Vurğun”, “Azərbaycan ziyalıları Vətən müharibəsi günlərində”, 1944-cü ildə “Ədəbi qeydlər” və digər kitabları nəşr etdirmişdir. 1944-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.

Heydər Hüseynovun fəaliyyətinə nəzər salarkən alimin tarix və fəlsəfə elminin inkişafına böyük töhfələr verdiyinin şahidi oluruq. O, Azərbaycan tərcümə məktəbinin əsasını qoyan və ilk Azərbaycan-rus və rus-Azərbaycan lüğətinin redaktorlarından biri olmuşdur. Nizami Gəncəvi,  Füzuli,  Bəhmənyar,  Abbasqulu ağa Bakıxanov,  Mirzə Kazım bəy,  Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi kimi mütəfəkkirlər haqqında ciddi tədqiqat işləri apararaq,  100-dən çox elmi məqalə yazmışdır. Heydər Hüseynov 1940-cı illərdə Bəhmənyarın kiçikhəcmli iki fəlsəfi traktatını aşkara çıxararaq tədqiqat obyektinə çevirmişdir. Akademikin rəhbərliyi və redaktəsi ilə ikicildlik “Müxtəsər Azərbaycan tarixi”, dördcildlik “Rusca-Azərbaycanca lüğət”, general Ə.Şıxlinskinin “Xatirələri” kimi fundamental nəşrlər hazırlanmışdır.

Azərbaycan elminin inkişafı sahəsində böyük zəhmət çəkən və şöhrət qazanan Heydər Hüseynov bir sıra mötəbərmükafatlara layiq görülsə də, sonda dövlət tərəfindən təzyiqlərə məruz qalmışdır. 1950-ci ilin may ayında Kommunist Partiyası MK-nın büro iclasında ciddi tənqid olunmuşdur. Buna isə “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” adlanan monoqrafiyasında Mirzə Kazımbəyin “Müridizm və Şamil” əsərindən, eləcə də dağlı qəhrəmanı Şeyx Şamilin mübarizəsindən bəhs etməsi və onu qəhrəman adlandırması səbəb olmuşdur. Nəticədə Azərbaycan KP MK SSRİ Nazirlər Soveti qarşısında vəsatət qaldırmış və alim aldığı “Stalin” mükafatından məhrum edilmişdir. Həmçinin Heydər Hüseynov Kommunist Partiyasının sıralarından çıxarılmış, Elmlər Akademiyasındakı vəzifələrindən azad edilmişdir. Azərbaycan elminin inkişafı yolunda böyük əmək sərf edən, biliyi, təfəkkürü sayəsində elmi nailiyyətlərə imza atan gənc akademik Heydər Hüseynovun ömür yolu beləcə yarıda kəsilmişdi. Şöhrətinin ən yüksək zirvəsində ikən xəyanətin və sərt  Sovet rejiminin qurbanına çevrilən alim başına gələnlərlə barışa bilməmiş və psixoloji sarsıntı keçirmişdi. Dövlətin və bir çox həmkarlarının haqsız tənqidlərinə dözməyən akademik Heydər Hüseynov həbs ediləcəyini təxmin edərək 15 avqust 1950-ci ildə həyatına son qoymuşdur.

respublika-news.az

Faydalı linklər