Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d., Rövşən Əlifağa oğlu Bəndəliyevin 50 yaşı tamam olur


Rövşən Əlifağa oğlu Bəndəliyev  26 iyul 1974-cü ildə Hacıqabul rayonunda anadan olmuşdur. 1991-cı ildə Hacıqabul rayonunun 9 saylı orta məktəbini bitirmişdir. 1993-cü ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1997-1999-cu illərdə Bakı Dövlət Universitetinin “Riyazi analiz” kafedrasının magistri olmuş və fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Respulikasının ilk magistrlərindən olmuşdur.  1999-cu ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinə doktoranturaya daxil olmuşdur. 2000–2002-ci illərdə AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin rəhbərliyi ilə “Banaxqiymətli funksiyalardan ibarət anizotrop çəkili Sobolev fəzasında daxilolma teoremləri” mövzusunda namizədlik dissertasiyası üzərində işləmiş və 2002-ci ildə müvəffəqiyyətlə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 2003-cü ildən başlayaraq 2013-cü ilə qədər riyaziyyat üzrə elmlər doktoru dissertasiya mövzusu üzərində çalışmış və 2014-cü ildə”Banax funksional fəzalarında harmonik analizin inteqral operatorları və bəzi tətbiqləri”adlı dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adına layiq görülmüşdür.  2013-cü ildə gənclər üçün Prezident mükafatına namizəd olmuş və AMEA-nın fəxri fərmanı ilə təltif edilmişdir.  2017-ci ildə AMEA-nın  Rəyasət Heyəti tərəfindən AMEA-nın professoru fəxri adına layiq görülmüş və 2018-2019-cu illərdə AMEA professorlarının Koordinasiya Şurasının sədri olmuşdur.

2000-ci ildən başlayaraq 2022-ci ilə qədər AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsində kiçik elmi işçi vəzifəsindən baş elmi işçi vəzifəsinə qədər fəaliyyət yolu keçmişdir. Hal-hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Ali riyaziyyat” kafedrasının professorudur. Bütün bunlarla yanaşı r.e.d., R. Ə. Bəndəliyev AMEA Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyət göstərən  ED 1.04 doktorluq dissertasiya şurasının üzvüdür. AMEA-da fəalyyət göstərən Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının üzvüdür.  “AMEA-nın Xəbərləri. Riyaziyyat buraxılışı” və “Caspian Journal of Applied Mathematics, Ecology and Economics” jurnallarının məsul redaktorudur.

2014-cü ildən etibarən Polşa Respublikasının Varşava Texnologiya Universiteti-nin “Riyaziyyat və İnformatika elmləri” bölməsinin professoru Pşemislav Qorkanın təklifi ilə elmi əməkdaşlığa başlanılmışdır. 2006–2008-ci illərdə İNTAS proqramı çərçivəsində keçirilən Cənubi Qafqaz ölkələrinin Avropa ölkələri ilə əməkdaşlıq çərçivəsində “Variable Exponent Analysis” adlı layihənin qalibi olmuşdur. Bu layihədə Avropa ölkələri qismində Finlandiya və Portuqaliya riyazi məktəbinin komandası ilə Azərbaycan və Gürcüstan tədqiqatçıları da iştirak etmişdir. Bu layihə çərçivəsində 2007-ci ildə adı çəkilən iki Avropa və Qafqaz ölkələrinin layihə iştirakçılarının əksəriyyəti olmaqla Mərdəkan dendrarisinin konfrans zalında prof. S. Q. Samko və akademik A. C. Hacıyevin rəhbərliyi altında beynəlxalq işçi seminar keçirilmişdir. 2011–2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən dəstəklənmiş və mərhum akademik A. C. Hacıyevin rəhbərlik etdiyi “Harmonik analizin inteqral operatorlarının bəzi funksional fəzalarda məhdudluğu və tətbiqləri” adlı layihənin qalibi olmuşdur. 2014–2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən dəstəklənmiş və AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin rəhbərlik etdiyi “Real analizin inteqral operatorlarının bəzi funksional fəzalarda məhdudluğu və tətbiqləri” adlı layihənin qalibi olmuşdur. 2015-ci ildə AMEA Rəyasət Heyəti tərəfindən tövsiyə olunan “Lokal Morri tipli fəzalarda harmonik analizin müasir problemləri və tətbiqləri” adlı 2 illik elmi — tədqiqat proqramının iştirakçısıdır.

R.Ə. Bəndəliyevin ilk elmi tədqiqat işlərindən Banaxqiymətli funksiyalardan ibarət çəkili Sobolev fəzalarında daxilolma teoremlərinin alınması olmuşdur.  Bu işlərdə harmonik analiz sahəsində mühüm istifadə olunan funksiyaların inteqral göstərilişi üsulundan istifadə edilmişdir. Sonrakı işlərdə dəyişən dərəcəli Lebeq fəzasında harmonik analizin mühüm inteqral operatorlarının məhdudluq və kompaktlıq xassələri öyrənilmişdir. Dəyişən dərəcəli və qarışıq normalı Lebeq fəzası daxil edilmişdir və bu fəzanın əsas struktur xassələri öyrənilmişdir. Daxil edilmiş fəzada Sobolev tipli daxilolma teoremləri isbat edilmişdir. Dəyişən dərəcəli çəkili Lebeq fəzasında Hardi operatorunun məhdud olması üçün  Dini-Lipşits tipli şərtdən imtina edilmişdir və çəkilər üzərinə meyar alınmışdır. Dəyişən dərəcəli Lebeq və Sobolev fəzalarında daxilolma teoremləri isbat edilmiş və bəzi xüsusi törəməli diferensial tənliklərə tətbiqləri verilmişdir. Kvazi-Banax funksional fəzalarda  harmonik analizin əsas inteqral operatorlarının məhdud olması üçün yeni məhdudluq və kompaktlıq meyarları alınmışdır. Xüsusi halda, klassik Hardi operatorunun çəkili Banax funksional fəzalarda kompakt olması üçün çəkilər üzərinə  zəruri və kafi şərt alınmışdır.

R.Ə. Bəndəliyev 100-dən artıq elmi əsərin müəllifidir. Onlardan 60-dan çoxu WoS və Scopus beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan elmi jurnallarda dərc olunmuşdur.  

Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyi  Riyaziyyat və Mexanika İnstitutunun kollektivi Rövşən Bəndəliyevi 50 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik, gələcək elmi və pedaqoji fəaliyyətlərində uğurlar arzulayır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər