Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları-Ağamirzə Bəşirov


 Bəşirov Ağamirzə Ənvər oğlu, stoxastik optimal idarə etmə, sistemlər nəzəriyyəsi, riyazi analiz sahəsində mütəxəssis, 9 may 1954-cü ildə Salyan şəhərində anadan olmuş, 1961-1971-ci illərdə Bakı şəhəri 132 nömrəli məktəbdə təhsil almış, 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində oxumuşdur. 1976-1979-cu illərdə AEA Kibernetika İnstitutunun (indiki İdarəetmə Sistemləri İnstitutu) aspirantı olmuşdur. 1981-ci ildə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda (Kiyev) akademik Cəlal Allahverdiyevin rəhbərliyi ilə “Hilbert fəzalarında stoxastik inteqral və stoxastik idarəetmə məsələsi haqqında (01.01.05)” mövzusunda namizədlik, 1992-ci ildə Kiyev Dövlət Universitetində “Təsadüfi həyəcanlamaları bağlı olan xətti sistemlərdə idarəetmə və filtrasiya (01.01.05-01.01.09)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

O, əmək fəaliyyətinə 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda kiçik elmi işçi kimi başlamış, böyük və aparıcı elmi işçi kimi davam etmişdir. 1992-2016-cı illərdə Şimali Kipr Respublikasının Doğu Akdeniz Universitetinin Riyaziyyat bölümündə dosent və professor olaraq, 2006-cı ildən riyaziyyat bölümünün müdiri olaraq çalışmaqdadır.

80 məqalənin, 1 dərs vəsaitinin və 1 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 10 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.