16/05/2025
Əzimov Abbas Yadulla oğlu, diferensial oyunlar sahəsində tanınmış mütəxəssis, 16 may 1947-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsili 199 nömrəli orta məktəbdə almışdır. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində riyaziyyatçı ixtisasına yiyələnmişdir. 1971-ci ildə Azərbaycan EA Kibernetika İnstitutunun aspiranturasına qəbul olunmuş, təhsilini Moskva şəhərində, SSRİ EA V.A.Steklov adına Riyaziyyat İnstitutunda almış və 1974-cü ildə bitirmişdir.
Əzimov Abbas 1970-1971-ci və 1974-1978-ci illər ərzində Azərbaycan EA-nın Kibernetika İnstitutunda kiçik elmi işçi, 1975-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” kafedrasında müəllim, 1978-1980-ci illərdə həmən kafedrada və 1980-1989-cu illər ərzində “Optimallaşdırma və idarəetmə” kafedrasında dosent və 1989-1990-cı illərdə professor, 1989-1990-cı illər ərzində Tətbiqi riyaziyyat fakültəsinin elmi işlər üzrə dekan müavini, 1990-1991-ci illərdə “Əməliyyatlar tədqiqi və riyazi modelləşdirmə” kafedrasının müdiri vəzifələrində çalışmışdır. 1991-ci ildən Türkiyə dövlətinə işləməyə getmişdir.
1975-ci ildə Azərbaycan SSR EA-nın “Texniki-fizika və riyazi elmlər” şöbəsinin Elmi Şurasında “İdarəetmə üzərinə qoyulan inteqral məhdudiyyətlərlə xətti diferensial oyunlar (01.01.02)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1980-ci ildə “Tətbiqi riyaziyyat” kafedrası üzrə dosent elmi adına layiq görülmüşdür. 1988-ci ildə Sverdlovsk şəhərində, SSRİ EA-nın Riyaziyyat və Mexanika İnstitutunun Ural şöbəsinin Elmi Şurasında “Konus üzrə optimallaşdırma məsələlərində optimallıq üçün zəruri şərtlər və ikilik (01.01.02- və 01.01.09)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. O, 60-dan çox elmi məqalənin müəllifi olmuşdur. Abbas Əzimovun rəhbərliyi altında bir çox gənc namizədlik dissertasiyasını müdafiə etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.