Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları -Karlen Xudaverdiyev


Xudaverdiyev Karlen İsgəndər oğlu, xüsusi törəməli diferensial tənliklər sahəsində tanınmış mütəxəssis, 27 may 1935-ci ildə Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuş, 1943-1951-ci illərdə Vedi rayonunun Böyük Vedi kənd orta məktəbində oxumuş, 1951-1953-cü illərdə Ucar şəhər orta məktəbində təhsilini davam etdirərək həmin məktəbi qızıl medalla bitirmişdir.1953-cü ildə Kirov adına Azərbaycan Dövlət Universiteti Fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə daxil olmuş, 1958-ci ildə isə həmən fakültəni fərqlənmə diplomu ilə bitirib riyaziyyatçı ixtisasına yiyələnmişdir. 1958-1961-ci illərdə

Azərbaycan Dövlət Universitetinin “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrası üzrə aspiranturasında oxumuşdur. 1962-ci ildə Bakıda “Qeyri-xətti hiperbolik tip tənliklər üçün Furye metodunun əsaslandırılması (01.01.02)” mövzusunda namizədlik, 1976-cı ildə Moskva Dövlət Universitetində “Qeyri-xətti hiperbolik tənliklər üçün çoxölçülü qarışıq məsələlər nəzəriyyəsinə dair (01.01.02)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1961-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin Hesablama mərkəzində proqramlaşdırma şöbəsinin rəhbəri, 1964-cü ildə həmən şöbənin baş elmi işçisi, 1964-1966-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun “Ali cəbr, həndəsə və astronomiya” kafedrasında baş müəllim, 1966-1977-ci illərdə Azərbaycan Dövlət Universiteti “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının dosenti, 1977-1984-cü illərdə həmən kafedranın professoru, 1984-2012-ci illər ərzində “Riyaziyyat və onun tədrisi metodikası” kafedrasının müdiri və professoru, 2004-2012-ci illərdə “Tətbiqi riyaziyyat” Elmi-Tədqiqat İnstitutunun “Tərs məsələlər və qeyri-xətti tənliklər” şöbəsinin aparıcı elmi işçisi, 2008-2012-ci illər ərzində həmən şöbənin professoru vəzifələrində çalışmışdır. Xudaverdiyev Karlen müxtəlif ixtisaslaşmış elmi şuraların üzvü, Azərbaycan Ali Attestasiya Komissiyasının riyaziyyat üzrə Ekspert Şurasının üzvü, Azərbaycanın Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti olmuşdur. O, “Əməkdar müəllim”, 30 oktyabr 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adlara layiq görülmüşdür. 54 illik elmi pedaqoji fəaliyyəti ərzində 38 elmlər namizədi və 3 elmlər doktoru yetişdirmiş, 192 elmi məqalənin, 5 dərsliyin və 6 monoqrafiyanın müəllifi olmuşdur.

Karlen Xudaverdiyev 10 may 2012-ci ildə Bakıda vəfat etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.