Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları- Asəf Hacıyev


Hacıyev Asəf Hacı oğlu 1951-ci il may ayının 29-da Gəncə şəhərində anadan olmuşdur. 1968-ci ildə Gəncə şəhər 4 nömrəli orta məktəbini bitirib və Lomonosov adına MDU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1973-cü ildə Moskva Dövlət Universitetini bitirmiş, 1979-cu ildə həmin məktəbin mexanika-riyaziyyat fakültəsində ehtimal nəzəriyyəsi və riyazi statistika ixtisası ilə namizədlik (fəlsəfə doktoru), 1993-cü ildə N.Bauman adına Moskva Dövlət Texniki Universitetində eyni ixtisasla doktorluq dissertasiyasını müdafiə etmişdir.

Asəf Hacıyev akademik A.N.Kolmoqorovun yaratdığı, dünyada tanınmış Moskva ehtimal nəzəriyyəsi məktəbinin yetirməsidir. Uzun illər akademik A.N.Kolmoqorovun Lomonosov adına Moskva Dövlət Universitetində yaratdığı və rəhbərlik etdiyi “Fakültələr arası statistik metodlar laboratoriyasında” çalışıb, elmi araşdırmalar aparıb.

1980-ci ildə elm və texnika sahəsində Azərbaycan Lenin komsomolu mükafatına layiq görülüb.

O, ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində dünyanın aparıcı jurnallarında çap olunmuş 150-dən çox elmi əsərin müəllifidir. Dünya aparıcı elmi mərkəzlərinin dəvəti ilə bu mərkəzlərdə ezamiyyətdə olub, mühazirələr deyib, birgə elmi araşdırmalar aparıb (2013, 2014 – İsveç; 2014 – Portuqaliya; 2005, 2006, 2014, 2015 – Almaniya; 2011, 2012, 2014, 2016, 2017 – ABŞ; 2011, 2014, 2016, 2017 – Çin; 1993-1996, 2011 – Türkiyə; 2017, 2018 – Hong-Kong; 2017 – Yaponiya; 2018 – Avstraliya və d.).

1992-ci ildə Almaniyanın Münhen universitetində, 1993-1996 illərdə İstanbulun Boğaziçi universitetində professor vəzifələrində çalışıb.

Asəf Hacıyev rekurrent xidmətli stoxastik sistemlər üçün xüsusi idarəetmə nəzəriyyəsinin müəllifidir. Mürəkkəb strukturlu kütləvi və rekurrent xidmətli sistemlər üçün yeni idarəetmə funksiyasını – xidmət anlarının gecikdirilməsini daxil edib. Belə idarəetmə ilk baxışdan təəccüblü olsa da, o göstərib ki, stoxastik sistemlərin geniş sinfi üçün xüsusi şərtlər altında bu idarəetmə tələblərin orta gözləmə müddətini azaldır. Adı gedən idarəetmə funksiyasını daxil etmək üçün zəruri və kafi şərtlərini təklif edib, tələblərin orta gözləmə müddətini minimumlaşdıran optimal funksiyasının formasını aşkar edib. Bu sahədə onun aldığı bəzi nəticələr gözlənilməz (paradoksal) olduğundan G.Szekely “Paradoxes of theory of probability and mathematical statistics” kitabında dərc edilib. Kitab ingilis dilindən alman, fransız, rus, çin və digər dillərə tərcümə edilib.

Akademik Asəf Hacıyev aşağıdakı beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür:

  • Management Science and Engineering Management” – baş redaktorun müavini;
  • Applied and Computational Mathematics;
  • İnternational Journal of Agriculture Environment and Bioresearch;
  • Information Engineering and Applied Computing.

ABŞ-ın Linkoln universitetinin tətbiqi riyaziyyat sahəsində çap olunan nəşrlərin redaktorudur. Şpringer nəşriyyatının Advances in Intelligent Systems and Computing seriyasından çap olunmuş 8 kitabın baş redaktorudur.

2011-ci və 2013-cü illərdə “Management Science and Engineering Management” beynəlxalq konfranslarında plenar məruzəçi olub, konfransın xüsusi mükafatlarına (Grand Prize) layiq görülmüşdür.

2014-cü ildə ehtimal və statistik metodlara əsaslanaraq Azərbaycan hərflərinin kompüter klaviaturasında optimal düzülüşünü təklif edib. Bu təklif Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Agentliyi tərəfindən dövlət standartı kimi qeydə alınıb və Microsoft şirkəti tərəfindən Windows – 8.2 versiyasına daxil edilib.

2001-2015-ci illərdə Asəf Hacıyev Bakı Dövlət Universitetində ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının rəhbəri olub. Onun rəhbərliyi altında 4 elmlər doktoru və 8 fəlsəfə doktoru hazırlanıb. 2005-ci ildən Azərbaycanda riyaziyyat problemləri üzrə koordinasiya şurasının sədridir.

1995-2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, elm və təhsil komitəsinin üzvü olmuşdur. 1998-2000-ci illərdə Milli Məclis – İngiltərə Parlamenti, 2000-2002-ci illərdə Milli Məclis – Avropa Parlamenti dostluq qruplarının, 2002-2015-ci illərdə Milli Məclisin Qara Dəniz Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri olmuş, 2015-ci ildə Qara Dəniz Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi seçilmişdir.

Asəf Hacıyev statistika sahəsində “naməlum parametrləri artan reqressiya modelləri” anlayışını daxil edib və bu istiqamətdə tətbiqi məsələlərdə istifadə olunan mühüm nəticələr əldə edib. Naməlum parametrləri artan və təsadüfi xətalarının dispersiyası naməlum olan reqressiya modelləri üçün Qauss-Markov metodunun istifadə olunması üçün zəruri və kafi şərtləri və kovariasiya matrisinin elementlərini qiymətləndirən yeni metod təklif edib. Bu metoda əsaslanaraq belə modellərdə naməlum funksiya üçün etibarlılıq oblastının qurulması üçün yeni yanaşma təklif edib. Bu yanaşma tətbiqi məsələlərdə istifadə olunaraq bir çox praktiki sahələrdə bu günə qədər həlli mümkün olmayan problemləri həll etməyə imkan yaradır. 2011-ci ildə Şpringer nəşriyyatının sifarişi ilə “Statistik Elmlərin Beynəlxalq Ensiklopediyası” kitabında Asəf Hacıyevin “Naməlum parametrləri artan reqressiya modelləri” adlı məqaləsi dərc olunub.

Asəf Hacıyev Azərbaycan dilində nəşr olunmuş “Ehtimal nəzəriyyəsi Ensiklopediyasının” və Azərbaycan-ingilis-rus-türk dilləri “Ehtimal nəzəriyyəsi və riyazi statistika terminləri” lüğətinin müəllifidir.

O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü və 2014-cü ildə akademiki seçilib.

Asəf Hacıyev 2005-ci ildə Nobel mükafatı laureatı, Əbdüs Salamın İtaliyada (Triyest ş.) yaratdığı Dünya Elmlər Akademiyasına (TWAS) Cənubi Qafqazdan və Orta Asiyadan seçilən ilk alimdir. Bu gün Dünya Elmlər Akademiyasının 70 ölkədən 1000-ə yaxın üzvü var. 2005-2010-cu illərdə İtaliyada yerləşən Əbdüs Salam adına Nəzəri Fizika üzrə Beynəlxalq Mərkəzin (İCTP) senior-associated vəzifəsinə seçilib. 1989-cu ildə Bernulli adına Ümumdünya ehtimal nəzəriyyəsi və riyazi statistika cəmiyyətinin üzvü seçilib. 2001-ci ildə ehtimal nəzəriyyəsi və riyazi statistika üzrə 5 aparıcı alimin dəstəyi ilə Beynəlxalq Statistika İnstitutunun üzvü seçilib. 2008-ci ildə Monqolustan Milli Elmlər Akademiyasının üzvü, 2015-ci ildə Moldova Akademiyasının fəxri üzvü və 2011-ci ildə Siçuan universitetinin (Çin) fəxri professoru seçilib. 2016-cı ildə müxtəlif ölkələrdən olan 25 alimdən ibarət olan 5 il müddətinə Siçuan universitetinin Beynəlxalq Məsləhətçilər Şurasının üzvü seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.