07/06/2025
Səlimov Arif Ağacan oğlu, 7 iyun 1956-cı ildə Ağsu rayonunda anadan olmuş, 1973-cü ildə Ağsu şəhər 1 nömrəli orta məktəbini, 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika riyaziyyat fakültəsini bitirmişdir. 1980-1983-cü illərdə Kazan Dövlət Universitetinin aspirantı olmuş, 1983-cü ildə Kazanda professor V.V.Vişnevskinin rəhbərliyi ilə “Diferensiallanan çoxobrazlıların və onların toxunan laylaşmalarının üzərində poliaffinor strukturlar (01.01.04)” mövzusunda namizədlik, 1998-ci ildə Kazan Dövlət Universitetində “Diferensiallanan çoxobrazlıların və onların tenzor laylaşmalarının üzərində poliaffinor strukturlar (01.01.04)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Əmək fəaliyyətinə 1978-1980-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda başlamış, 1983-1999-cu illərdə Bakı Dövlət Universitetinin həndəsə kafedrasında assistent, dosent vəzifələrində, 1995-2017-ci illərdə isə Türkiyədə Atatürk Universitetində dosent və professor vəzifələrində çalışmışdır. 2017-ci ildən indiyədək Bakı Dövlət Universitetinin Cəbr və Həndəsə kafedrasının müdiri vəzifəsində çalışır.
Arif Səlimov 180-dən çox elmi əsərin (onlardan 70-dən çoxu Clarivate Analytics və Scopus bazalarına daxil olan jurnallarda çap olunmuşdur) müəllifidir. Onun “Tensor operators and their applications” adlı monoqrafiyası, 2012-ci ildə ABŞ-ın “Nova Science Publishers” nəşriyyatının “Mathematics Research Developments”, 2023-cü ildə “Applications of holomorphic functions in geometry” adlı monoqrafiyası “Springer/Birkhäuser” nəşriyyatında, 2022-ci ildə isə “Diferensial həndəsə” dərsliyi Bakı Dövlət Universitetində çap olunmuşdur.
Onun rəhbərliyi ilə bir nəfər elmlər doktoru, 15 nəfər riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, tələbələrindən 6-sı isə hazırda professordur. Arif Səlimov Türkiyə Elm və Texnika Komitəsinin dörd qrantını almış, tenzor strukturları üzrə çalışmaları isə bu komitənin verdiyi nüfuzlu mükafata layiq görülmüşdür. ABŞ-da nəşr etdirdiyi monoqrafiyası isə Atatürk Universitetinin ən yüksək mükafatına layiq görülmüşdür. O, AMEA Riyaziyyat və Mexanika İnstitutunun əsərləri və xəbərləri, TWMS Pure and Applied Mathematics, İntrnational Electronic Journal of Geometry jurnallarının redaksiya heyətinin üzvüdür. O, Tenzor operatorlar nəzəriyyəsində aldığı fundamental nəticələr və lift nəzəriyyəsində yaratdığı yeni metod ilə diferensial həndəsə sahəsində dünyada tanınmış mütəxəssisdir.
Türkiyədə işlədiyi müddətdə, rəhbəri olduğu 4 layihə və elmi məsləhətçisi olduğu bir layihə (TBAG-105T551, TBAG-108T590, MFAG-112T111, MFAG-116F230, MFAG-122F131) Türkiyə Dövlətinin Elmi və Texnoloji Tədqiqatlar Komitəsinin (TÜBİTAK-ın) qrantlarını almış, “Tensor operators and their applications” adlı kitabı 2013-cü ildə “AÜ Bilimsel Teşvik Birincilik Ödülü” mükafatına layiq görülmüşdür. Elmi layihələrə rəhbərlikdə əldə etdiyi nailiyyətlərinə görə Arif Səlimov 2015-ci ildə Türkiyənin elm sahəsində ən prestijli mükafatlardan biri olan “TÜBİTAK PPÖ-Proje Performans Ödülü” adlı dövlət mükafatına layiq görülmüşdür, 2016-cı ildə isə Çankaya (Ankara) Universiteti qurucusu Sıtkı Alp adına Atatürk Universitetinin təsis etdiyi “Bilimsel Teşvik Ödülü” nü də almışdır. O, 2023-cü ildə Türk Dövlətləri Riyaziyyatçılar Cəmiyyətinin medalı ilə də təltif olunmuş, 2024-cü ildə riyaziyyat sahəsindəki nailiyyətlərinə görə Türk Dünyası Elm Mükafatı olan Əl-Xarəzmi mükafatına layiq görülmüşdür. Professor Arif Səlimov elmin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Arif Səlimov 2023-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Riyaziyyat və Mexanika” üzrə Ekspert Şurasının sədridir. O həm də Türk Dövlətləri Riyaziyyatçılar Cəmiyyətinin İdarə Heyətinin üzvü seçilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.