08/06/2025
Qasımov Yusif Soltan oğlu 8 iyun 1968-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 1985-ci ildə Süleymanlı kənd orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1992-ci ilə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir.
1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin dissertantı olmuşdur. 1997-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Məhdud oblastlarda Pauli operatorunun məxsusi ədədlərinin bəzi seriyaları üçün asimptotik düsturlar” mövzusunda namizədlik (elmi rəhbər prof. Oqtay Vəliyev), 2010-cu ildə isə AMEA Kibernetika İnstitutunda “Dəyişən oblastlı ekstremal spektral məsələlər, onların həll üsulları və tətbiqləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
1992-ci ildən BDU-nun Tətbiqi riyaziyyat ETİ-da kiçik elmi işçi, elmi işçi və 1998-ci ildən 2017-ci ilə qədər “Tərs məsələlər və qeyri xətti tənliklər” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, eyni zamanda 2006-cı və 2009-cu illərdə Nant Universitetində (Fransa) dəvətli professor kimi çalışmışdır. 2016-cı ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunun Optimal idarəetmə şöbəsinin aparıcı elmi işçisidir.
Professor Yusif Qasımov 2017-ci ildən Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində işləyir. O, “Jomard Publishing” online elmi nəşriyyatının rəhbəridir.
Yusif Qasımovun elmi fəaliyyəti əsasən operatorların spektral nəzəriyyəsinə və tərs spektral məsələlərə aiddir. O, dəyişən oblastlı məxsusi ədəd məsələləri, məxsusi ədədlər üçün formaya görə optimallaşdırma problemləri (shape optimization), oblasta nəzərən tərs spektral məsələlərin həlli üçün yeni metodlar təklif etmişdir. Məxsusi ədədlərin oblastdan asılılığını araşdırmış, elliptik operatorların məxsusi ədədləri üçün yeni düsturlar tapmışdır. Onun belə məsələlərin həlli üçün təklif etdiyi ədədi alqoritmlər mövcud alqoritmlərin çatışmazlığını aradan qaldırmaqla daha geniş sinif məsələləri həll etməyə imkan verir. Yusif Qasımov ilk dəfə s-funksiya anlayışını daxil etmiş, verilən çoxluğa nəzərən bu funksiyalar üçün tərs spektral məsələni formalaşdırmış və onun həll sxemini təklif etmişdir.
O, 60-dan artıq məqalənin, 1 monoqrafiyanın müəllifidir, rəhbərliyi ilə 2 nəfər riyaziyyat üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir. Thomson Reuters Agentliyinin bazasına daxil olmuş ilk Azərbaycan jurnalı olan “Applied and Computational Mathematics” jurnalının 15 il ərzində aparıcı redaktoru olmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.