10/06/2025
Axıyev Seyidəli Seydi oğlu, fizika-riyaziyyat elmləri doktoru, professor, optimal idarəetmənin riyazi üsulları, diferensial tənliklər və riyazi fizika tənlikləri sahəsində tanınmış mütəxəssis. 10 iyun 1946-cı ildə Şamaxı rayonunun Dağ-Kolanı kəndində anadan olmuş, 1964-cü ildə rayondakı Nərimankənd orta məktəbini bitirmiş, həmin il ADU-nun mexanika-riyaziyyat fakültəsinin mexanika bölməsinə daxil olmuşdur. Həmin şöbədə iki il oxuyarkən diferensial tənliklər fənnindən dərs deyən Məmməd Yaqubov onun yüksək riyazi qabiliyyətə malik olduğunu görür və bu barədə diferensial və inteqral tənliklər kafedrasının müdiri professor Qoşqar Əhmədova məlumat verir.
Professor Qoşqar Əhmədovun köməyi ilə III kursdan Seyidəli Axıyev riyaziyyat şöbəsində təhsilini davam etdirir, eyni zamanda ixtisas bölgüsü zamanı “Optimal idarəetmə” ixtisasına yazılır. Həmin illərdə ADU-nun Diferensial və inteqral tənliklər kafedrasında professor Qoşqar Əhmədovun rəhbərliyi ilə “Optimal idarəetmənin riyazi üsulları” adlı seminar keçirilirdi. Seyidəli Axıyev 1967-ci ildən bu seminarın fəal iştirakçılarından biri olur. III kursun sonunda fakültə elmi şurası ona Lenin təqaüdü verilməsi haqqında qərar qəbul edir.
1969-cu ildə ADU-nun mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib Diferensial və inteqral tənliklər kafedrasının aspiranturasına daxil olur. 1973-cü ildə Bakıda “Optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri mövzusunda namizədlik, 1985-ci ildə Tiflisdə “Bəzi lokal və qeyri lokal sərhəd məsələlərinin funksional həlləri və onların inteqral göstərişləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Əmək fəaliyyətinə 1972-ci ildə ADU-nun mexanika-riyaziyyat fakültəsinin diferensial və inteqral tənliklər kafedrasında assistent kimi başlamış, 1974-1980-ci illərdə baş müəllim, 1980-1986-cı illərdə dosent, 1986-cı ildən professor kimi davam etdirmişdir. 1990-1995-ci illərdə “İdarəetmənin riyazi üsulları” kafedrasının ilk müdiri vəzifəsində çalışmışdır. 1996-cı ildən ömrünün sonuna qədər İstanbul texniki universitetində professor vəzifəsində çalışmışdır. 93 elmi məqalənin müəllifi olub, rəhbərliyi ilə 30 nəfər elmlər namizədi hazırlanıb.
Seyidəli Axıyev 2004-cü ildə Bakı şəhərində vəfat etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.