Hüseynov Rauf Vəli oğlu 12 iyun 1940-cı ildə Göyçay şəhərində anadan olmuşdur. 1956-cı ildə Göyçay şəhəri 4 nömrəli orta məktəbi bitirmişdir. 1956-1959-cu illərdə Sumqayıt sintetik kauçuk zavodunda maşinist işləmişdir.
1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil almış, 1964-1967-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində dünya şöhrətli alim, professor Q.E.Şilovun aspirantı kimi elmi fəaliyyətini davam etdirmiş və 1973-cü ildə Azərbaycan SSR Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun birləşdirilmiş şurasında “Furye-Viner çevirməsi nəzəriyyəsinə dair” namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ildən Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun “Riyazi analiz” kafedrasına müəllim kimi müsabiqədən keçmiş, 1974-cü ildə həmin kafedranın baş müəllimi seçilmiş, 1976-1979-cu illərdə həmin institutda dekan müavini vəzifəsində çalışmışdır.
1979-cu ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Gəncə filialının “Ali riyaziyyat” kafedrasına baş müəllim vəzifəsinə keçirilmiş, 1982-ci ildə həmin kafedranın dosenti vəzifəsinə müsabiqə ilə keçmiş və 1984-cü ildə dosent elmi adını almışdır. 1984-cü ildən “Ali riyaziyyat” kafedrasına müdir vəzifəsinə seçilmişdir.
1991-1994-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Mexanika riyaziyyat” fakültəsinin doktorantı olmuş, 1999-cu ildə Bakı Dövlət Universitetinin müdafiə şurasında “Kvazi elleptik tənliklər, həllərinin asimptotikası. Spektral xassələr. Sərhəd məsələlərinin həll oluna bilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Rauf Hüseynov 1990-2002-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, “Funksional analız” şöbəsinin müdiri, baş elmi işçi vəzifələrində işləmişdir. 2002-2005-ci illərdə Türkiyə Respublikasının Afyon şəhərinin Hocatepe Universitetinin professoru, 2006-cı ildə Milli Aviasiya Akademiyasında professor vəzifəsində, 2007-ci ildən ömrünün sonuna qədər AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi fizika tənlikləri” şöbəsinin müdiri vəzifəsində işləyib.
Rauf Hüseynov inteqral və ölçü nəzəriyyəsi, xüsusi törəməli diferensial tənliklər sahəsində bir sıra mühüm nəticələrin müəllifidir. Onun tərəfindən Qauss ölçülü xətti fəzalarda təyin olunmuş funksionalların Furye tipli çevirmələrinə aid mühüm nəticələr alınmış və belə çevirmələrin xassələri öyrənilmişdir. Kvant fizikası məsələlərində meydana gələn variasiya törəməli diferensial tənliklərin həlli üçün bu çevirmə onun tərəfindən tətbiq olunmuşdur. Rauf Hüseynov tərəfindən Qauss ölçülü istənilən xətti topoloji fəzalarda daxil edilmiş bu çevirmə daha əvvəl Kameron və Martin tərəfindən daxil edilmiş Viner ölçülü funksional fəzalarda Furye-Viner çevirməsinin ümumiləşməsidir.
Xüsusi törəməli tənliklər sahəsində Rauf Hüseynov tərəfindən kvazielliptik tənliklər üçün sərhəd məsələləri sistemli (dərin) öyrənilmişdir. Bu məsələ J.L.Lions və E.Majenesin məşhur “Qeyri-bircins sərhəd məsələləri və onların tətbiqi” monoqrafiyasında ifadə olunmuş və onun həllinin mühümlüyü qeyd olunmuşdur.
Kvazielliptik sərhəd məsələlərinin sistemli öyrənilməsi üçün Rauf Hüseynov tərəfindən anizotrop Sobolev fəzalarında Hardi tip və Puankare tip bərabərsizliklər nəzəriyyəsi inkişaf etdirilmişdir ki, bu da geniş sinif kvazielliptik məsələlərin həll olunmasına əhəmiyyətli yardım etmişdir.
Yuxarıda adı çəkilən monoqrafiyada Rusiyadan, İtaliyadan, Skandinaviya və Yaponiyadan çoxsaylı müəlliflərin nəticələri qeyd olunmuşdur. Bununla yanaşı kvazielliptik tənliklər üçün sərhəd məsələlərinin tam və sistemli öyrənilməsinin boşluğu göstərilmişdir. Rauf Hüseynov tərəfindən alınmış nəticələr bu boşluğu doldurmağa imkan vermişdir.
O, 51 elmi işin və bir kitabın müəllifidir, rəhbərliyi ilə iki elmlər doktoru və bir fəlsəfə doktoru hazırlamışdır.
Rauf müəllim 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. 2001 və 2011-ci illərdə AMEA Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilmişdi. O, dərin biliyə, zəngin təfəkkürə, daxili mədəniyyətə və böyük nüfuza malik olan ziyalı bir alim idi.
Rauf Hüseynov 2019-cu il fevralın 21-də Bakıda vəfat etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.