Əfəndi Nəsib oğlu Nəsibov 26 iyun 1962-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun İmirhəsən kəndində anadan olmuşdur. 1978-ci ildə kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. Orta məktəbi bitirən ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsinə daxil olmuş və 1983-cü ildə oranı riyaziyyatçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutuna göndərilmiş və fakültə şurasının zəmanəti ilə Kibernetika İnstitutunun əyani aspiranturasına qəbul olunmuşdur. Sonra elmi tədqiqatlarını Moskvada SSRİ EA Mərkəzi Riyazi-İqtisadiyyat İnstitutunda davam etdirmişdir.
1987-ci ildə “Bəzi sinif qeyri-səlis riyazi proqramlaşdırma məsələlərinin tədqiqi və həll alqoritmlərinin qurulması” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək “01.01.09 – Riyazi kibernetika” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
Dissertasiya işində aşağıdakı yeni nəticələr alınmışdır:
- Fazi çoxluqlar üçün yeni qeyri-səlis alt çoxluq münasibəti qurulmuş və bunun əsasında fazi çoxluqlar üzərində iki yeni müqayisə münasibəti təklif olunmuşdur. Bu münasibətlərin bəzi xüsusiyyətləri isbat edilmişdir.
- Təklif olunan müqayisə münasibətlərinə əsasən fazi riyazi məsələlərin texniki və iqtisadi sahələrdə geniş tətbiqinə yol aça bilən iki yeni model verilmişdir. Hər iki model üçün fazi məsələlərin səlis ekvivalentləri qurulmuşdur. Uyğun dönüşdürmə teoremləri isbat edilmişdir. Bu iki məsələnin həlləri arasında münasibətlər müəyyənləşdirilib.
- Fazi diskret proqramlaşdırma probleminin həlli üçün son qərarın alınmasında qərar vericinin iştirakına imkan verən insan-kompüter əsaslı metod qurulmuş və alqoritmin sonlu olması isbat edilmişdir.
- Fazi 0-1 bul proqramlaşdırma problemlərinin həlli üçün dinamik proqramlaşdırma şəkilli alqoritmlər verilmiş, bu alqoritmlərin psevdo-polinomial hesablama çətinliyinin olduğu isbat edilmişdir.
Əfəndi Nəsibov 2003-cü ildə AMEA Kibernetika İnstitutunda “Qərar qəbuletmə məsələlərində fazi informasiyanın işlənməsinin dekompozision üsulları” mövzusunda dissertasiya müdafiə edərək, “05.13.18 – Riyazi modelləşdirmə, ədədi üsullar və proqram kompleksləri” ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.
Doktorluq dissertasiyası çərçivəsində aşağıdakı elmi nəticələr alınmışdır:
- Fazi qərar qəbuletmə məsələlərinin müxtəlif qoyuluşları və həlli üçün dekompozision-adekvat yaxınlaşmalar sistemləşdirilib. Bu məsələlərin həlli üçün iterativ və vizual-iterativ yaxınlaşmalar tədqiq edilmişdir;
- Fazi ədədlərin kompüterdə təsvir edilməsi və işlənməsi üçün vektorial və parametrik metodlar təklif olunmuş və onlar üzərində əməliyyatların effektiv hesablama üsulları verilmişdir. Fazi ədədlərin ən yaxın vektorial təsvirinin qurulması üçün alqoritm verilmişdir;
- Fazi ədədlərdə qeyri-səlis məlumatın daha adekvat şəkildə modellənməsinə imkan verən ortalama nümayəndə (WABL), -fazi nümayəndə və genişlik kimi inteqral operatorlar təyin edilmiş və tədqiq olunmuşdur. Xətti funksiyalarda ortalama nümayəndə operatorunun assosiativliyi isbat edilmiş və buna əsasən fazi riyazi proqramlaşdırma məsələlərinin səlis invariantları verilmişdir;
- Fazi ədədlərin L-R təsvirinə əsaslanan yeni müqayisə metodları verilmiş və bunların hesablamanı asanlaşdıracaq bəzi effektiv xüsusiyyətləri isbat edilmişdir.
- Kombinatoryal fazi qərar qəbul etmə məsələləri tədqiq olunmuşdur. Mümkün həllər çoxluğunu daraldan teoremlər isbat edilmişdir;
- Nəzəri modellərin tətbiqi olaraq, fazi informasiya şəraitində dəniz neft-qaz platformalarının optimal yerləşdirilməsi və mürəkkəb sistemlərin vəziyyətlərinin identifikasiya məsələləri həll edilmişdir. Sistemin vəziyyətinin nə dərəcədə dəqiq müəyyənləşməsindən asılı olaraq, cihazların minimum ölçmə dəqiqliyinin hesablanması üçün metod verilmişdir.
O, elmi fəaliyyətinə Azərbaycan EA Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutunda başlamaqla Azərbaycan Dövlət Neft Akademiyası Tətbiqi riyaziyyat kafedrasında dosent (1990-1997), respublika Təhsil Nazirliyində “Təhsil sisteminin planlanması və proqnozlaşdırılması” laboratoriyasının müdiri (1997), “Azərbvodstroy” Ümumittifaq Tikinti-İstehsalat Birliyində “EHM-lərin riyazi təminatı” şöbəsinin müdiri (1989-1990) vəzifələrində çalışmışdır. 1992-1998-ci illər Azərb. Respublikası Təhsil Nazirliyində İnformatika üzrə Elm-Təhsil şurasının üzvü, “Kompüter” adlı elmi-kütləvi jurnalın yaradıcısı olmuşdur. 2003-2007-ci illərdə AMEA Kibernetika İnstitutunda “Qərar qəbuletmə modelləri və üsulları” laboratoriyasının müdiri vəzifəsində işləmişdir.
2001-2002-ci illərdə TUBİTAK NATO PC-B Proqramı üzrə qrant qazanaraq Türkiyədə elmi tədqiqatlar aparmışdır. 2003-2006-cı illərdə Türkiyənin Ege Universitetində və 2006-2010-cu illərdə Dokuz Eylül Universitetində professor olaraq çalışmışdır. 2010-cu ildə Türkiyədə ilk olaraq “Kompüter elmləri” adlı bölüm qurmuşdur və indiyə qədər bu bölümün müdiri vəzifəsində çalışmaqdadır. Bu müddət ərzində bir sıra elmi-tədqiqat qrantları qazanmış və çap olunan elmi məqalələrinə görə mükafatlar almışdır.
“Türkiyə İstatistikçilər Dərnəyi”, “Əməliyyatların Tədqiqi Dərnəyi”, “Fazi Sistemlər Dərnəyi” kimi bir sıra elmi cəmiyyətlərin üzvüdür.
Hal-hazırda “Fazi məntiq və Fazi çoxluqlar nəzəriyyəsi”, “İntellektual Veri Analizi (Data Mining)”, “Optimal qərar qəbul etmə üsulları”, “Fazi modelləşdirmə” kimi sahələrdə çalışır. Çoxu beynəlxalq jurnallarda çap olunmuş 200-dən artıq elmi məqalənin və 10-dan çox elmi kitabın müəllifidir. Bir sıra beynəlxalq konfransların və jurnalların elmi komitələrində yer alır.
Web of Science bazasında indeksləşən əsərlərinin sayı 47, Scopus bazasında indeksləşən əsərlərinin sayı isə 69-dur. Elmi əsərlərinə olan istinadların sayı 588, h-indeksi = 11, i10 indeksi = 16. Elmi rəhbərliyi ilə 10 fəlsəfə doktoru hazırlanmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.