Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları-İlham Məmmədov


Diferensial tənliklər sahəsində tanınmış mütəxəssis Məmmədov İlham Tofiq oğlu 1 iyul 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə 27 nömrəli məktəbin birinci sinfinə getmiş, 1970-ci ildə 15 yaşında, 8 ilə həmin məktəbi qızıl medalla bitirmişdir. 1970-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat şöbəsinə qəbul olunmuşdur. 1974-1975-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Hesablama riyaziyyatı və kibernetika” fakültəsində təcrübə keçmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının tətbiqi riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1976-cı ildə 21 yaşında Azərbaycan Dövlət Universitetinin müdafiə şurasında “Xətti və kvazixətti ikinci tərtib parabolik tənliklərin keyfiyyət nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini, 1981-ci ildə 26 yaşında Ukrayna Riyaziyyat İnstitutunun ixtisaslaşmış müdafiə şurasında “Elliptik və parabolik tənliklərin keyfiyyət nəzəriyyəsi məsələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almış, 1988-ci ildə professor, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

1975-1982-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının “Tətbiqi riyaziyyat” kafedrasında assistent, baş elmi işçi vəzifələrində işləmiş, 1982-2001-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, elmi işlər üzrə direktor müavini, şöbə müdiri, 2001-2003-cü illərdə isə həmin institutun direktoru vəzifəsində işləmişdir.

İlham Məmmədov xüsusi törəməli diferensial tənliklərin keyfiyyət nəzəriyyəsi sahəsində tanınmış mütəxəssisdir. Onun elmi maraq dairəsinə kəsilən əmsallı qeyri-divergent strukturlu ikinci tərtib elliptik və parabolik xətti və kvazixətti tənliklərin həllərinin sərhəd xassələri nəzəriyyəsi, bu tənliklərin həllərinin daxili hamarlığın araşdırılması, qeyri-məhdud oblastlarda həllin özünü aparmasının öyrənilməsi, mənfi olmayan xarakteristik formalı cırlaşan tənliklər nəzəriyyəsi, müxtəlif funksional fəzalarda sərhəd və başlanğıc-sərhəd məsələlərinin həll oluna bilən olması məsələləri və s. daxildir.

Onun tərəfindən sərhəddə qeyri-hamar oblastlarda geniş sinif elliptik və parabolik tənliklər üçün birinci sərhəd məsələsinə dair sərhəd nöqtələrinin requlyarlığı nəzəriyyəsinin işlənib hazırlanmasına böyük töhfələr edilmişdir. İkinci tərtib parabolik tənliklərin keyfiyyət nəzəriyyəsinin mühüm probleminin həlli İlham Məmmədova məxsusdur – o, tənlik əmsallarının hamarlığına və baş hissəsində məxsusi ədədlərin səpilməsinə heç bir şərt qoymadan göstərmişdir ki, ikinci tərtib kvazixətti parabolik tənliyin ixtiyari həlli baxılan oblastın hər bir ciddi alt oblastında Hölder mənada kəsilməz olacaq. Sərhəddi qeyri-kompakt oblastlarda ikinci tərtib elliptik və parabolik tənliklər həllərinin xarakteri və müntəzəm cırlaşan elliptik və parabolik tənliklər həllərinin keyfiyyət xassələri haqqında mühüm nəticələr, həmçinin qeyri-divergent strukturlu ikinci tərtib tənliklər üçün sərhəd məsələlərinin çəkili anizotrop S.L.Sobolev fəzalarında ümumiləşmiş mənada həll edilə bilən olması haqqında prinsipial nəticələr də ona məxsusdur.

İlham Məmmədov 1982-ci ildə elm və texnika sahəsində Azərbaycan Lenin komsomolu Mükafatı laureatı adına layiq görülmüşdür. 1999-2002-ci illərdə NATO elmi komitəsinin eksperti vəzifəsində işləmiş, 80-dən çox elmi məqalənin və bir kitabın müəllifi olmuşdur. Onun rəhbərliyi ilə 18 fəlsəfə doktoru və 1 elmlər doktoru hazırlamışdır.

1992-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü, Azərbaycan Riyaziyyat Cəmiyyətinin üzvü, “Transactions of NASA”“Proceedings of IMM of NASA” jurnallarında baş redaktorun müavini olmuşdur.

İlham Məmmədov 2003-cü ildə 48 yaşında Bakı şəhərində vəfat etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.