Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları-Oktay Vəliyev


Vəliyev Oktay Alış oğlu, funksiyalar nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis, 1954-cü il iyulun 3-də Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olmuş, 1961-1969-cu illərdə Süleymanlı kənd 8 illik məktəbində, 1969-1971-ci illərdə Bakı 1 nömrəli fizika-riyaziyyat təmayüllü internat məktəbində təhsil almışdır. 1971-ci ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsinə qəbul olmuş, 1974-cü ildə III kursdan Moskva Dövlət Universitetinə köçürülmüş, 1977-ci ildə həmin ali məktəbi bitirmişdir.

1978-1980-ci illərdə Moskva Dövlət Universitetinə ezam olunmuş, 1980-ci ildə MDU-da akademik Fəraməz Maqsudov və professor A.Q.Kostyuçenkonun rəhbərliyi ilə “Əmsalları periodik kompleks qiymətli diferensial operatorlar (01.01.01)” mövzusunda namizədlik, 1989-cu ildə Tiflisdə “Məxsusi ədədlər üçün asimtotik düsturlar və periodik diferensial operatorlar (01.01.01) və (01.01.02)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Əmək fəaliyyətinə 1977-1988-ci illərdə AEA Riyaziyyat və Mexanika İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi kimi başlamış, 1988-1991-ci illərdə Bakı Dövlət Universitetində professor, 1991-1996-cı illərdə “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının müdiri olmuş, 1996-2002-ci illərdə İzmirdə Dokuz Eylül Universitetində professor, 2002-2003-cü illərdə İstanbulda Marmara Universitetində professor, 2003-cü ildən indiyə qədər İstanbulda Dogus Universitetində professor vəzifələrində çalışır.

Oktay Vəliyev 52 məqalənin, 1 monoqrafiyanın müəllifidir. O, 14 nəfər fəlsəfə doktoru, 1 nəfər elmlər doktoru hazırlamışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.