Azərbaycan riyaziyyatçıları- Rzabala Fərəcov
Fərəcov Rzabala Hüseyn oğlu 1937-ci il iyulun 3-də Biləsuvar rayonunun Ağəlikənd kəndində anadan olub, 1962-ci ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1963-1965-ci illərdə AEA-nın Hesablama Mərkəzinin aspirantı olub və elmi tədqiqat işlərini aparmaq üçün Moskvaya SSRİ EA-nın İdarəetmə İnstitutuna ezam olunub. 1967-ci ildə həmin institutda Lenin mükafatı laureatı Y.Z.Çıpkinin rəhbərliyi ilə “Методы анализа линейных последовательных машин” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1983-cü ildə həmin institutda “Принципы построения, исследования и применения последовательных машин” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Əmək fəaliyyətinə 1962-ci ildə AEA-nın Hesablama mərkəzində başlamış, orada kiçik elmi işçi, baş mühəndis və baş elmi işçi vəzifələrində işləmişdir. 1973-cü ildə ADU-da müəllimlik fəaliyyətinə başlamış, əvvəlcə orada tətbiqi riyaziyyat kafedrasında professor vəzifəsində çalışmış, sonra isə ömrünün sonuna qədər riyazi kibernetika kafedrasının müdiri olmuşdur. Rzabala Fərəcov tətbiqi riyaziyyat və riyazi kibernetika sahəsində tanınmış mütəxəssis olmuşdur, 71 elmi əsərin və bir monoqrafiyanın müəllifi idi. Onun rəhbərliyi ilə 10 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir.
Rzabala Fərəcov 1997-ci ildə Bakı şəhərində vəfat etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.