Azərbaycan riyaziyyatçıları- Vəli Şahmurov
Şahmurov Vəli Binəddin oğlu, funksional analiz və operator-diferensial tənliklər sahəsində mütəxəssis, 1951-cü il iyulun 3-də İmişli rayonunun Talışlı kəndində anadan olmuş, 1968-ci ildə İmişli şəhər 1 nömrəli orta məktəbi bitirmişdir. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Fizika-riyaziyyat” fakültəsini riyaziyyat ixtisası üzrə bitirmiş, 1974-1978-ci illərdə həmin institutun aspiranturasında oxumuşdur. 1979-cu ildə AEA-nın Riyaziyyat və Mexanika İnstitutunda professor Sasun Yaqubovun rəhbərliyi ilə “Vektor-qiymətli funksional fəzalarda daxilolma teoremləri və elliptik və kvazi elliptik-operator tənliklərinə tətbiqləri (01.01.01)” mövzusunda namizədlik, 1987-ci ildə Moskvada, V.A.Steklov adına Riyaziyyat İnstitutunda professor Pyotr Lizorkinin məsləhətçiliyi ilə “Abstrakt funksional fəzalarda daxil olma teoremləri və cırlaşan diferensial-operator tənliklərinə tətbiqləri (01.01.01)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
O, əmək fəaliyyətinə 1973-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Riyazi analiz kafedrasında müəllim kimi başlamış, 1982-1988-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin Ali riyaziyyat kafedrasında baş müəllim, sonra professor vəzifəsində işləmiş, 1989-1997-ci illərdə Bakı Dövlət Universitetində professor, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində Elm və Elmi Pedaqoji kadrların hazırlanması idarəsinin müdiri vəzifəsində, 1993-1994-cü illərdə Türkiyənin Akdəniz Universitetində, 1997-2007-ci illərdə İstanbul Universitetində fəaliyyətini davam etdirmişdir. 2008-ci ildən İstanbul Okan Universitetində mühəndislik fakültəsində çalışır. Vəli Şahmurov 118 elmi məqalənin və 5 kitabın müəllifidir. Onun rəhbərliyi ilə 6 fəlsəfə doktoru və 1 elmlər doktoru hazırlanmışdır. O, aşağıdakı jurnalların redaksiya heyətinin üzvüdür.
- Boundary Value Problems, USA, Springer;
- Journal of abstract differential equations and applications, USA, Math. Research. Publ.;
- Mathematics and statistics, USA, Harizon Research Pablishing.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.