Azərbaycan riyaziyyatçıları – Cahangir Babayev
Cahangir Əlikram oğlu Babayev, tətbiqi riyaziyyat, riyazi modelləşdirmə, optimallaşdırma nəzəriyyəsi və üsulları istiqaməti üzrə tanınmış mütəxəssis, 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1948-ci ildə Bakı şəhəri 1 nömrəli orta məktəbi qızıl medalla bitirmiş, 1954-cü ildə Moskva Fizika-texnika İnstitutunun aerodinamika fakültəsini bitirdikdən sonra Mərkəzi Aerohidrodinamika İnstitutunun (Moskva) aspiranturasında təhsil almış, eyni zamanda həmin institutda əmək fəaliyyətinə başlamışdır.
1962-ci ildə SSRİ EA Mexanika Problemləri İnstitutunun müdafiə şurasında, akademik A.A.Dorodnitsinin rəhbərliyi ilə “Səsdən yüksək sürətli hava axınında üçbucaq qanadın qeyri-xətti nəzəriyyəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Sonra Bakıya qayıdır və 1962-1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Hesablama mərkəzində (sonralar kibernetika institutu, indiki idarəetmə sistemləri institutu) elmi işlər üzrə direktor müavini və laboratoriya müdiri vəzifəsində işləmişdir. 1974-cü ildə Ukrayna EA Kibernetika İnstitutunda “Riyazi üsulların və əməliyyatların tədqiqinin neft və qaz yataqlarının layihələndirilməsi məsələlərində tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, texnika elmləri doktoru elmi dərəcəsini almışdır.
1984-cü ildə kibernetika institutunun bir neçə alimi ilə birlikdə riyazi üsulların neftçıxarma və başqa sahələrdə idarəetmə və planlaşdırma məsələlərində geniş tətbiqinə görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. Elmi fəaliyyəti ilə yanaşı Azərbaycan Dövlət Universitetində, Neft Akademiyasında, İqtisad Universitetində və başqa institutlarda pedaqoji fəaliyyəti davam etdirmişdir. Cahangir Babayev 1992-2013-cü illərdə ABŞ-ın Kolorado ştatındakı perspektiv texnologiyalar sahəsində fəaliyyət göstərən elmi-tədqiqat mərkəzində işləmişdir.
120-dən artıq elmi əsərin müəllifidir. 1995-ci ildə əməliyyatların tədqiqinin biznesin idarə olunmasında tətbiqinə görə, Amerika əməliyyatların tədqiqi cəmiyyətinin (ORSA) mükafatına layiq görülmüşdür. 1997 və 2001-ci illərdə iki ABŞ patenti almışdır.
Cahangir Babayev 2013-cü ildə vəfat etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.