Görkəmli riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Qasımov Mirabbas Göycə oğlu 11 iyul 1939-cu ildə Şamaxı rayonunun Nərimankənd kəndində sadə kəndli ailəsində anadan olmuşdur. 1946-1956-cı illərdə Qobustan rayonu Nərimankənd orta məktəbində təhsil almışdır. Hələ məktəb illərində riyaziyyatdan xüsusi qabiliyyəti ilə seçilən Mirabbas Qasımov 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə daxil olmuşdur. Universitetdə oxuduğu illərdə o, öz yüksək riyazi qabiliyyəti ilə seçilmişdir. Həmin dövrdə universitetin III kursunu yüksək qiymətlərlə bitirmiş, ümid verən gəncləri təhsillərini davam etdirmək üçün SSRİ-nin daha yüksək səviyyəli ali məktəblərinə göndərirdilər. Mirabbas Qasımov 1958-ci ildə Azərbaycan Dövlət Universiteti fizika-riyaziyyat fakültəsinin ikinci kursunu əla qiymətlərlə bitirdikdən sonra təhsilini davam etdirmək üçün həmin dövrdə dünyanın ən mötəbər universitetlərindən biri hesab edilən Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə köçürülür. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, Moskva Dövlət Universitetinin proqramı daha ağır olduğundan ənənəvi olaraq tələbələr bir kurs itirməli olurdular. Mirabbas Qasımov fakültə rəhbərliyinə müraciət edərək ondan imtahan götürülməsini və əgər suallara cavab verə bilərsə III kursa köçürülməsini xahiş edir. Müvafiq imtahan qəbul edildikdən sonra onu III kursa köçürürlər.
Moskva Dövlət Universitetində təhsil illərində o, öz yüksək qabiliyyətini nümayiş etdirmiş və nəticədə 1961-ci ildə universiteti bitirdikdən sonra elmi şuranın qərarı ilə aspiranturada saxlanmışdır. Onun elmi rəhbəri görkəmli riyaziyyatçı F.A.Berezin olmuşdur. O, universitetdə fəaliyyət göstərən müxtəlif elmi seminarlarda iştirak edir və özünü qabiliyyətli gənc riyaziyyatçı kimi göstərir. 1961-ci ildə görkəmli riyaziyyatçılar Lenin mükafatı laureatı, professor Boris Moiseyeviç Levitan və olduqca istedadlı, gənc riyaziyyatçı Aleksandr Qordeyeviç Kostyuçenko Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində operatorların spektral nəzəriyyəsi sahəsində yeni elmi seminar təşkil edirlər və Mirabbas Qasımov həmin elmi seminarın fəal iştirakçılarından biri olur. Həmin vaxtdan başlayaraq onun elmi yaradıcılığı Boris Levitanla sıx əməkdaşlıq şəraitində davam edir. Boris Levitan onun müəllimi və gələcək elmi araşdırmalarının həmmüəlliflərindən biri olur. Sonralar Boris Levitan Mirabbas Qasımovun onun qabiliyyətli tələbələrindən biri olduğunu dəfələrlə qeyd etmişdir.
Gənc riyaziyyatçı spektral analizin tərs məsələləri sahəsində bir-birindən dəyərli elmi nəticələr əldə edir və bu nəticələr “Dokladı Akademii Nauk SSSR”, “Uspexi Matematiçeskix Nauk” kimi nüfuzlu elmi jurnallarda çap edilir.
O, 1964-cü ildə 25 yaşında “Şturm-Liuvill tənliyinin iki spektrə görə təyini” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alır. Dissertasiya işində alınmış nəticələrin elmi dəyərini yüksək qiymətləndirən elmi şuranın xüsusi qərarı ilə dissertasiya işi “Görkəmli” elmi iş kimi dəyərləndirilir. Həmin nəticələrin müəllifin doktorluq dissertasiya işinə daxil edilməsi hüququ saxlanılır.
Dissertasiya müdafiə etdikdən sonra o, 1964-1965-ci illərdə Sovetlər Birliyində olduqca nüfuzlu sayılan Fizika-texniki İnstitutunun Ali riyaziyyat kafedrasında assistent, daha sonra 1965-1968-ci illərdə isə Feliks Dzerjinski adına Hərbi Mühəndislik Akademiyasının riyaziyyat kafedrasında baş müəllim vəzifəsində çalışır. Pedaqoji fəaliyyətlə yanaşı o, elmi axtarışlarını davam etdirir, aldığı elmi nəticələri nüfuzlu elmi jurnallarda dərc etdirir.
Mirabbas Qasımov 1967-ci ildə, 28 yaşında “Öz-özünə qoşma və öz-özünə qoşma olmayan operatorların bəzi məsəlləri” mövzusunda doktorluq dissertasiyasını Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin elmi şurasına təqdim edir və müvəffəqiyyətlə müdafiə edir. Dissertasiyanın rəsmi opponentləri görkəmli riyaziyyatçılar A.Q.Kostyuçenko, V.A.Marçenko və M.A.Naymark olmuşdur. Dissertasiya işi sonralar ingilis dilinə tərcümə edilərək Amerika Birləşmiş Ştatlarında dərc edilmişdir.
1968-ci ildə o vətənə qayıdır və Azərbaycan Dövlət Universitetinin “Riyazi analiz” kafedrasının professoru seçilir.
Bakıya gəldikdən sonra o, sonralar Azərbaycan riyaziyyat məktəbinin əsasını təşkil edəcək elmi-tədqiqat seminarı təşkil edir və perspektivli gəncləri-tələbələri bu seminara cəlb edir. Onun yaratdığı elmi məktəb Azərbaycanın sərhədlərindən kənarda da böyük nüfuza malik olmuşdur. Həmin seminarda yalnız onun tələbələri deyil, Azərbaycanın və Sovet İttifaqının bütün şəhərlərindən gəlmiş riyaziyyatçılar da çıxış etmişlər.
Mirabbas Qasımov 1969-1970-ci illərdə Azərbaycan Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində işləmişdir.
1972-ci ildə o, Azərbaycan Dövlət Universitetində yeni təşkil edilmiş “Tətbiqi riyaziyyat” kafedrasının müdiri vəzifəsinə seçilmiş və ömrünün sonuna kimi həmin kafedraya rəhbərlik etmişdir. Bununla yanaşı o, 1970-1976-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Xüsusi törəməli diferensial tənliklər” şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Mirabbas Qasımov 1988-1989-cu illərdə Azərbaycan Dövlət Universiteti tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, 1989-1990-cı ildə respublika təhsil nazirinin birinci müavini, 1990-1992-ci illərdə isə Bakı Dövlət Universitetinin rektoru vəzifələrində işləmişdir. Onun rektorluğu dövründə universitetdə bir neçə yeni ixtisaslar açılmış, Elmi Tədqiqat Tətbiqi Riyaziyyat İnstitutu yaradılmış, universitetdə elmə müasir baxış formalaşmışdır.
O, 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuş, parlamentin Elm və Təhsil Komissiyasına rəhbərlik etmişdir.
Mirabbas Qasımov operatorların spektral nəzəriyyəsi sahəsində müstəsna əhəmiyyətə malik, bu sahənin inkişafında dərin iz buraxan 100-ə yaxın elmi iş dərc etdirmiş, elmi zənginləşdirən yeni ideyalar ortaya qoymuşdur.
Mirabbas Qasımovun əsas elmi tədqiqatları müxtəlif tip diferensial operatorlar üçün spektral analizin tərs məsələlərinin həllinə, kəsilməz spektrə malik öz-özünə qoşma olmayan operatorlar nəzəriyyəsinə və operatorlar dəstəsinin spektral xassələri ilə operator əmsallı diferensial tənliklərin həll olunması arasında əlaqənin öyrənilməsinə həsr olunmuşdur.
XX əsrdə riyaziyyat və fizika elmlərində ən böyük nailiyyətlərdən biri Korteveq de Friz və riyazi fizikanın bir çox tənliklərinin tərs məsələlər nəzəriyyəsinin köməyi ilə dəqiq həll edilə bilməsidir. Mirabbas Qasımov öz müəllimi Boris Levitanla bərabər bu istiqamətdə fundamental nəticələrə nail olmuşdur. Sonlu parçada Şturm-Liuvill tənliyi üçün potensialın təyin edilməsindən ibarət tərs məsələnin iki spektrə görə təyin edilməsi tam həll edilmişdir.
Mirabbas Qasımov tərəfindən daha çətin olan yarımoxda Şturm-Liuvill tənliyi üçün tərs məsələ də həll edilmişdir. Bu məsələnin, eləcə də Dirak sistemi üçün tərs məsələnin həllinə Qasımov tərəfindən dünya ədəbiyyatında tam yeni olan bir metod işlənib hazırlanmışdır. Kəsilməz spektrə malik öz-özünə qoşma olmayan operatorlar sahəsində aldığı nəticələr dünya ədəbiyyatında tam yeni bir istiqamət açmışdır. Eksponensial azalan potensiala malik öz-özünə qoşma olmayan Şredinger operatoru üçün səpilmə məsələsinin həllinə nəzərən ayrılış teoremləri isbat edilmiş, spektral məxsusiyyətlər ətrafında verilmiş operatorun rezolventasının baş hissəsi araşdırılmışdır.
Mstislav Vsevolodoviç Keldışın 1951-ci ildə operatorlar dəstəsinin məxsusi və qoşulmuş funksiyalar sisteminin çoxqat tamlığına həsr edilmiş fundamental tədqiqatı bu istiqamətdəki elmi axtarışlara güclü təkan vermişdir. Bu tədqiqatların gedişində operatorlar dəstəsinin məxsusi və qoşulmuş elementlər sisteminin müəyyən hissəsinin çoxqat tamlığı və minimallığı kimi çətin problem ortaya çıxmışdır.
Mirabbas Qasımov bu məsələnin operator əmsallı diferensial tənliklərin requlyar həll olunması problemi ilə dərin əlaqəsini müəyyən etmiş, bu mövzuya aid silsilə elmi məqalələr yazmış və nüfuzlu elmi məcmuələrdə dərc etdirmişdir. Onun periodik əmsallı diferensial operatorların spektral xassələrinin öyrənilməsinə həsr edilmiş fundamental tədqiqatları bu istiqamətdə elmi araşdırmalara güclü təkan vermişdir.
Operatorların spektral nəzəriyyəsi sahəsində o, bütün dünyada tanınmış alimdir. Onun əsərləri bu gün də dünya riyaziyyatçıları tərəfindən ən çox istinad edilən əsərlərdir.
Akademik Mirabbas Qasımov 1966-cı ildə Moskvada, 1970-ci ildə Nitsada, 1974-cü ildə Vankuverdə keçirilən riyaziyyatçıların beynəlxalq konqreslərində məruzə ilə çıxış etmiş, 1977-ci ildə Polşada Stefan Banax adına Beynəlxalq Riyaziyyat Mərkəzində silsilə mühazirələr oxumuşdur.
Mirabbas Qasımovun elmi-pedaqoji fəaliyyətinin ən mühüm nəticəsi onun yaratmış olduğu Azərbaycan riyaziyyat məktəbidir. O, yüksək səviyyəli, istedadlı bir müəllim idi. Onun elmi rəhbərliyi altında 70-dən artıq dissertasiya işi müdafiə olunmuşdur. Tələbələrindən 15-dən çoxu elmlər doktoru olmuşdur və bu gün Mirabbas müəllimin yaratdığı elmi məktəbi uğurla inkişaf etdirirlər.
Onun dünya riyaziyyat elminə verdiyi töhfələr digər ölkələrdə də yüksək qiymətləndirilir. SSRİ Kosmonavtlar İttifaqının Mstislav Keldış adına qızıl medalı ilə təltif edilmişdir.
Türkiyə Cümhuriyyətinin Konya Səlcuq və Egey İzmir Universitetlərinin fəxri doktoru seçilmişdir.
Mirabbas Qasımov 6 sentyabr 2008-ci ildə 69 yaşında vəfat etmiş, vəsiyyətinə görə doğma Nərimankənddə, valideynlərinin məzarı yanında dəfn edilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.