Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları – Ələddin Mahmudov


Mahmudov Ələddin Pirqasım oğlu, qeyri-xətti inteqral tənliklər sahəsində mütəxəssis, 11 avqust 1934-cü ildə Gürcüstan SSR Qarayazı (indiki Qardabani) rayonunun Təzəkənd kəndində anadan olmuş, ibtidai təhsilini 1943-1947-ci illərdə Təzəkənd ibtidai məktəbində almış, 1947-1951-ci illərdə Tatyanovka (indiki Kalininskaya) 8 illik məktəbində, 1951-1952-ci illərdə Tbilisi şəhərinin 37 saylı Azərbaycan orta məktəbində, 1952-1954-cü illərdə Qardabani rayonunun Azərbaycan orta məktəbində təhsilini davam etdirmişdir. O, məktəbi gümüş medalla bitirdikdən sonra, 1954-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1959-cu ildə Mexanika-riyaziyyat fakültəsini bitirib riyaziyyatçı ixtisasına yiyələnmişdir.

1959-1960-cı illərdə Azərbaycan SSR EA-nın Hesablama Mərkəzində hesablayıcı, kiçik elmi işçi, 1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Diferensial və inteqral tənliklər” kafedrasında müəllim, assistent, baş müəllim, 1965-1967-ci illərdə “Riyazi analiz” kafedrasında baş müəllim, 1963-1965-ci illərdə mexanika-riyaziyyat fakültəsinin dekan müavini, 1965-1969-cu illərdə həmin fakültənin dekanı, 1970-1972-ci illərdə universitetin hazırlıq şöbəsinin müdiri və 1994-cü ildə dekanı, 1979-cu ildə universitetin nəzarət üzrə metodiki-təşkilat komissiyasının sədri, 1967-1986-cı illərdə “Riyazi analiz” kafedrasında dosent, 1986-1997-ci illərdə həmən kafedrada professor vəzifələrində çalışmışdır.

1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında AMEA-nın müxbir üzvü Qoşqar Əhmədovun rəhbərliyi ilə “О разрешимости систем нелинейных интегральных уравнений типа Гаммерштейна” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.

Ələddin Mahmudov 1997-ci ildə Bakıda vəfat etmişdir.

Faydalı linklər