Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları -Sadiq Abdullayev


Abdullayev Sadiq Kərim oğlu 1943-cü il avqustun 23-də Ağdaş şəhərində anadan olmuş, 1960-cı ildə Ağdaş şəhər orta məktəbini bitirmiş, həmin il Azərbaycan Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsinə qəbul olunmuşdur. 1965-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Həmin il ADU-nun əyani aspiranturasına daxil olmuş, 1969-cu ildə professor Arif Babayevin elmi rəhbərliyi ilə “Cəmlənən sıxlıqlı məxsusi inteqral” mövzusunda namizədlik dissertasiyasını (01.01.01.-riyazi analiz) müdafiə etmişdir. 1990-cı ildə Tiflisdə doktorluq dissertasiyaları üzrə Regional Müdafiə Şurasında “Çəkili Hölder fəzalarında çoxölçülü sinqulyar inteqral tənliklər” mövzusunda doktorluq dissertasiyası (01.01.01.-riyazi analiz, 01.01.03.-riyazi fizika) müdafiə etmişdir.

Sadiq Abdullayev əmək fəaliyyətinə 1967-ci ildə ADU-nun riyazi analiz kafedrasında assistent kimi başlamış, 1971-ci ildən baş müəllim, 1978-ci ildən dosent, 1991-ci ildən professor kimi davam etdirmiş və bu gün də həmin kafedranın professorudur.

O, 1994-1999-cu illərdə ADU-nun mexanika riyaziyyat fakültəsinin dekanı, 2006-cı ildən 2013-cü ilə qədər riyazi analiz kafedrasının müdiri vəzifəsində işləmişdir. Professor Sadiq Abdullayev sinqulyar inteqral operatorlar və tənliklər, onların tətbiqləri, harmonik analiz sahəsində mütəxəssisdir. Yarımfəza üzrə çoxölçülü sinqulyar operatorun tərsinin aşkar şəklini vermiş, oblast üzrə çəkili fəzalarda çoxölçülü sinqulyar inteqral tənliklər nəzəriyyəsini qurmuş, ilk dəfə olaraq eksponensial çəki ilə daxiletmə teoremlərini isbat etmiş, alınmış nəticələri mexanika məsələlərinə tətbiq etmişdir. Adi və ümumiləşmiş sürüşmə ilə sinqulyar və zəif sinqulyar operatorların struktur xassələrinə aid bir çox mühüm nəticələr almışdır.

O, 100-ə qədər elmi əsərin, o cümlədən “Riyazi analiz” adlı dərs vəsaitinin müəllifidir, onun rəhbərliyi ilə 9 nəfər namizədlik dissertasiyası müdafiə etmiş, onlardan ikisi hazırda fizika-riyaziyyat elmləri doktorudur. Sadiq Abdullayev uzun illər mexanika-riyaziyyat fakültəsində riyazi analiz kursundan mühazirələr oxumuşdur.

2009-cu ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər