01/10/2025
Məhərrəmov Əli Musa oğlu, funksional analiz və onun diferensial tənliklər nəzəriyyəsinə tətbiqi sahəsində mütəxəssis, 1952-ci ildən Şidli kənd 7 illik məktəbində oxumuşdur. 1962-ci ildə orta məktəbi bitirdikdən sonra Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1967-ci ildə isə oranı bitirib riyaziyyatçı ixtisasına yiyələnmişdir. 1967-1970-ci illərdə Azərbaycan SSR EA Riyaziyyat və Mexanika İnstitutunun funksional analiz və funksiyalar nəzəriyyəsi ixtisası üzrə aspirantı olmuşdur.
1972-ci ildə Bakıda akademik Mirabbas Qasımovun rəhbərliyi ilə “Parametrdən polinomial asılı olan bəzi adi requlyar olmayan diferensial operatorlar üçün məxsusi və qoşulmuş funksiyalar sisteminin çoxqat tamlığı haqqında (01.01.02)” mövzusunda namizədlik, 1984-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi Şurasında “Çoxqat xarakteristikalı diferensial operatorlar dəstəsinin spektral nəzəriyyəsi (01.01.02)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Əmək fəaliyyətinə 1970-ci ildə AEA Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi kimi başlamış, 1973-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda riyaziyyat kafedrasında baş müəllim və dosent vəzifələrində, 1973-1975-ci illərdə həmin institutun fizika-riyaziyyat fakültəsinin dekanı, 1975-1980-ci illərdə “Riyaziyyat” kafedrasının dosenti, sonralar isə “Cəbr və həndəsə” kafedrasının müdiri vəzifələrində çalışmışdır.
Əli Məhərrəmov 1980-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda (Azərbaycan Texniki Universiteti) pedaqoji fəaliyyətə başlamışdır. 1985-ci ilədək “Ali riyaziyyat” kafedrasında dosent, 1985-ci ildən professor, 1987-1988-ci illərdə isə “Tətbiqi və hesablama riyaziyyatı” kafedrasının müdiri vəzifələrində çalışmışdır. 32 elmi əsərin müəllifi olmuş, 1988-ci il aprelin 18-də Bakı şəhərində vəfat etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.