05/10/2025
Məmməd Rəşid oğlu Əfəndiyev, Azərbaycanda riyazi təhsilin və riyazi terminologiyanın banilərindən biri, 5 oktyabr 1887-ci ildə Nuxada (indiki Şəki) anadan olmuş, ilk təhsilini Tiflis gimnaziyasında almış, 1908-ci ildə Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə daxil olmuş və oranı bitirdikdən sonra bir müddət Tbilisi şəhərində müəllim işləmiş, 1914-1915-ci illərdə Qori müəllimlər seminariyasında riyaziyyat müəllimi, sonra Şəki şəhərindəki gimnaziyada müəllim və direktor vəzifəsində çalışmışdır.
1920-ci ildə Şəki şəhər təhsil idarəsində məktəblər şöbəsinin müdiri vəzifəsində işləmişdir. Həmin ilin sonunda Bakıya dəvət olunur və müəllim hazırlığı kursunda riyaziyyatdan dərs deməyə başlayır, eyni zamanda Azərbaycan dilində dərslik hazırlayan və dərslikləri qiymətləndirən komissiyanın üzvü olur. 1921-ci ildə Azərbaycanda yaradılacaq ilk pedaqoji institutun təşkilat komitəsinin üzvü olur. Sonralar onun bütün fəaliyyəti həmin institutla bağlı olur, institutda riyaziyyatdan dərs deyir, fizika-riyaziyyat fakültəsinin ilk dekanı vəzifəsinə seçilir.
Məmməd bəy Əfəndiyev 1924-cü ildə həmin institutun müvəqqəti direktoru vəzifəsini də icra etmişdir. Sonralar Azərbaycan Dövlət Pedaqoji İnstitutunda riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı (1934-1936), Azərbaycan Dövlət Universitetində riyazi analiz kafedrasının müdiri (1935-1955) vəzifələrində çalışmışdır. 1943-cü ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, 1945-ci ildə professor elmi adını almışdır.
Riyazi ifadələrin Yaxın Şərqdə yayılmış yazılı formaları əvəzinə latınca yazılışını Azərbaycanda ilk dəfə Məmməd Əfəndiyev işlətmişdir. O, ilk dəfə riyazi analiz, analitik həndəsə və riyaziyyatın tədrisi metodikası fənlərindən Azərbaycan dilində mühazirələr oxumuşdur. Bir neçə dərs vəsaitinin (“Cəbrə aid proqram və tapşırıq”, “Matematik analizdən kontrol tapşırıqlar” (1935), “Adi diferensial tənliklər” (1950) və s.) müəllifidir. Azərbaycanın ilk riyaziyyatçı alimlərindən biri olmuş Məmməd bəyin əməyi layiqincə qiymətləndirilmiş, Lenin ordeni və iki Qırmızı əmək bayrağı ordeni ilə təltif olunmuşdur.
Əfəndiyev Məmməd Rəşid oğlu 1977-ci ildə Bakıda vəfat etmiş və burada dəfn olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.