20/10/2025
Nəsirova Tamella Hilal qızı, ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində mütəxəssis, 20 oktyabr 1936-cı ildə Qazıməmməd rayonunun Nəvai kəndində anadan olmuş, Nəvai kənd orta məktəbində beş il oxuduqdan sonra 1948-ci ildə Bakıya gəlir. Burada 1953-cü ildə 176 saylı orta məktəbi qızıl medalla bitirir. Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub, 1958-ci ildə fakültənin riyaziyyat şöbəsini bitirmişdir. 1958-1961-ci illərdə AEA-nın Hesablama mərkəzində aspiranturaya daxil olmuş, elmi tədqiqat işlərini aparmaq üçün əvvəlcə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutuna, sonra isə Moskva Dövlət Universitetinin Ehtimal nəzəriyyəsi kafedrasına göndərilmişdir. 1964-cü ildə professor B.V.Qnedenkonun rəhbərliyi ilə “Kütləvi xidmət nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda namizədlik, 1994-cü ildə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda “Сложные процессы полумарковского обслуживания при наличии экрана” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1997-ci ildə professor elmi adını almışdır. 1958-1980-ci illərdə AEA-nın Kibernetika institutunda müxtəlif vəzifələrdə çalışmış, 1980-ci ildən ADU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsində çalışır. Hazırda ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının professorudur, 75 elmi əsərin, üç monoqrafiyanın və bir dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə 7 elmlər namizədi hazırlanmışdır. Tamella Nəsirova “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.