Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları- Rafiq Əliyev


Əliyev Rafiq Musa oğlu, 10 noyabr 1937-ci ildə Astara şəhərində anadan olmuşdur. 1956-cı ildə Cəlilabad rayonunun Prişib qəsəbə orta məktəbini müvəffəqiyyətlə bitirərək Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin “Riyaziyyat” şöbəsinə daxil olmuşdur. 1961-ci ildə universiteti bitirərək Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin nəzdində 01.01.01 – riyazi analiz ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1966-cı ildə Minsk şəhərində Belarusiya SSR Elmlər Akademiyasının Fizika, Riyaziyyat və Hesablama Texnikası, Bərk Cisim Fizikası və Yarımkeçiricilər İnstitutlarının Birləşmiş Elmi Şurasında akademik İbrahim İbrahimovun rəhbərliyi ilə “Diferensiallanan funksiyaların bəzi siniflərdə ən yaxşı kvadratur düsturlar (01.01.01)” mövzusunda namizədlik, 1994-cü ildə Bakı şəhərində Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Şurada “Bəzi diferensiallanan funksiyalar siniflərində ən yaxşı kvadratur düsturlar üçün ekstremal məsələlər və proyeksiya üsullarının tərtibinə görə ən yaxşı kvadratur düsturların qurulmasına tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

1964-cü ildən Azərbaycan Texniki Universitetinin “Ali riyaziyyat” kafedrasında pedaqoji fəaliyyətə başlamış və 1976-cı ilədək kafedrada assistent, baş müəllim və dosent vəzifələrində işləmişdir. 1976-cı ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində çalışır. 1976-cı ildən 1982-ci ilə qədər universitetinin hazırlıq şöbəsinin dekanı, 1994-cü ilə qədər “Ali riyaziyyat” kafedrasının dosenti vəzifələrində çalışmış, 1995-ci ildən kafedranın professorudur. O, 80-dən artıq elmi və tədris-metodiki işin, o cümlədən beş dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə 3 elmlər namizədi hazırlanmışdır.

Rafiq Əliyev 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər