25/11/2025
Əmirov Rauf Xankişi oğlu, Şturm-Liuvill, Dirak operatorları və xüsusi törəməli diferensial tənliklər üçün tərs məsələlər sahəsində mütəxəssis, 25 noyabr 1956-cı ildə Qusar rayonu Zuxul kəndində anadan olmuş, 1964-1972-ci illərdə Zuxul kənd səkkizillik məktəbində, 1972-1974-cü illərdə Bakı şəhəri 6 nömrəli internat məktəbində, 1974-1979-cu illərdə Azərbaycan Dövlət Universitetində təhsil almışdır.
1981-1984-cü illərdə Azərbaycan Dövlət Universiteti “Mexanika-riyaziyyat” fakültəsinin Riyazi analiz kafedrasında əyani aspirant olmuşdur. 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin Elmi şurasında akademik Mirabbas Qasımovun rəhbərliyi ilə “Kulomb sinqulyarlığına sahib Şturm-Liuvill tənlikləri üçün iki spektrə görə tərs məsələlər (01.01.01)” mövzusunda namizədlik, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda professor Hidayət Hüseynovun məsləhətçiliyi ilə “Diferensial tənliklər üçün tərs məsələlər nəzəriyyəsinin bəzi problemləri (01.01.01)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1979-1980-ci illərdə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunda, 1981-1984-cü illərdə Azərbaycan Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasında, 1985-1990-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Ali riyaziyyat kafedrasında laborant, assistent, 1990-1993-cü illərdə dosent, 1993-1996-cı illərdə Türkiyənin Sivas şəhərindəki Cümhuriyyət Universitetində dosent kimi fəaliyyət göstərib. 1996-cı ildən Sivas Universitetinin professoru vəzifəsində çalışır.
Rauf Əmirov 83 məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 11 nəfər fəlsəfə doktoru üzrə dissertasiya müdafiə etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.