06/12/2025
Əliyev Ələkbər Əliağa oğlu, İnformatika, kompüter şəbəkələri, bulud texnologiyaları sahəsində mütəxəssis, 6 dekabr 1958-ci ildə Bakı şəhərində anadan olmuş, 1966-1976-cı illərdə Nəsimi rayonu 44 saylı orta məktəbdə təhsil almış və oranı qızıl medalla bitirmişdir.
1976-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1979-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə köçürülmüş, 1982-ci ildə MDU-nu bitirmişdir. 1985-1988-ci illərdə Kiyev şəhərində Ukrayna EA-nın V.M.Qluşkov adına Kibernetika İnstitutunun əyani aspirantı, 1992-1996-cı illərdə həmin institutun əyani doktorantı olmuşdur. 1989-cu ildə orada professor A.İ.Nikitinin rəhbərliyi ilə “Откат-восстановление в отказоустойчивых распределенных системах (05.13.17)” mövzusunda namizədlik, 1996-cı ildə Kiyev şəhərində Tətbiqi İnformatika İnstitutunda “Протоколы синхронизации прикладных процессов в распределенных системах обработки информации (05.13.04)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2004-cü ildə professor elmi adı almışdır.
1982-1985-ci illərdə ADU-nun Hesablama mərkəzi: riyaziyyatçı, baş riyaziyyatçı, aparıcı mühəndis, qrup rəhbəri, 1989-1991-ci illərdə BDU-nun Hesablama mərkəzində layihənin baş mühəndisi, baş mütəxəssis, 1995-1996-cı illərdə BDU-nun Hesablama mərkəzində baş mütəxəssis, 1997-1998-ci illərdə BDU-nun “EHM və proqramlaşdırma” kafedrasında professor vəzifəsində çalışıb. 1998-ci ildən BDU-nun “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının müdiridir.
O, 130-dan artıq elmi əsərin, 1 monoqrafiyanın, 6 dərs vəsaitinin, 4 metodik vəsaitin, 2 informatika üzrə lüğətin, 1 informatika üzrə ensiklopediyanın müəllifidir. Onun rəhbərliyi ilə 9 nəfər fəlsəfə doktoru və 1 nəfər elmlər doktoru dissertasiyası müdafiə etmişdir.
Ələkbər Əliyevə Azərbaycan Prezidentinin 2009-cu il 30 oktyabr tarixli sərəncamı ilə Əməkdar müəllim fəxri adı verilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.