06/12/2025
Azər Sahib oğlu Əhmədov – qrupların həndəsi nəzəriyyəsi, Li qrupları, erqodik nəzəriyyə, 3-ölçülü topologiya sahəsində mütəxəssis, 6 dekabr 1974-cü ildə Cəbrayıl rayonu, Xələfli kəndində anadan olmuşdur. 1981-1984-cü illərdə kənd orta məktəbində, 1984-1989-cu illərdə Xətai rayonu 194 nömrəli orta məktəbdə, 1989-1991-ci illərdə Bakı şəhəri Həbibbəy Mahmudbəyov adına texniki-humanitar litseydə təhsil alaraq orta məktəbi qızıl medalla bitirmişdir. 1991-ci ildə Bakı Dövlət Universitetinə daxil olmuş və 1996-cı ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
1996-1998-ci illərdə İtaliyada Beynəlxalq Ali Tədqiqatlar İnstitutunda (SISSA – Scuola Internazionale Superiore di Studi Avanzati) funksional analiz şöbəsində elmi işçi vəzifəsində işləmişdir. Azər Əhmədov 1998-2004-cü illərdə ABŞ-ın Yel Universitetində (Yale University) aspiranturada oxumuş və 2004-cü ildə məşhur riyaziyyatçı Gregory Aleksandrovich Margulis-in rəhbərliyi ilə Yel Universitetində “Quasi-Isometric Rigidity in Group Varieties (təxmini tərcümə: Qrup çoxobrazlılarında kvazi-izometrik bərklik)” mövzusunda dissertasiya müdafiə edərək, “Ph.D in Mathematics” dərəcəsi almışdır. 2004-2008-ci illərdə ABŞ-ın Kaliforniya Universitetində (University of California, Santa Barbara), 2006-cı ildə Parisdə, Beynəlxalq Ali Elmi Tədqiqatlar İnstitutunda (IHES – Institut des hautes études scientifiques), 2008-ci ildən indiyə kimi ABŞ-ın Şimali Dakota Dövlət Universitetində (North Dakota State University) çalışır.
Dünyanın nüfuzlu jurnallarında 18 elmi əsəri çap olunmuş, bir nəfər tələbəsi dissertasiya müdafiə edərək, Ph. D dərəcəsini almışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.