Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları-Misrəddin Sadıqov


Sadıqov Misrəddin Allahverdi oğlu, optimal idarəetmə sahəsində tanınmış mütəxəssis, 10 dekabr 1954-cü ildə Ermənistan Respublikasının Krasnoselo rayonunun Cil kəndində anadan olmuşdur. 1972-ci ildə həmin kənddə orta məktəbi bitirib, ADU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1977-ci ildə universiteti bitirmişdir. 1981-1984-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun dissertantı olmuş və həmin il dissertanturanı bitirdikdən sonra akademik Fəraməz Maqsudovun rəhbərliyi ilə “Diferensial daxilolmanın optimal trayektoriyasının xassəsi” mövzusunda namizədlik, 1993-cü ildə “Çoxdəyişənli hamar olmayan variasiya məsələsinin və diferensial daxilolmanın tətbiqi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.

Misrəddin Sadıqov 1978-1981-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda baş laborant, mühəndis-proqramlaşdırıcı, 1981-1998-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda proqramçı-riyaziyyatçı, kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri, 1998-ci ildən 2008-ci ilədək Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat fakültəsinin Optimal idarəetmə kafedrasında professor, 2008-ci ildən hal-hazıradək Mexanika-riyaziyyat fakültəsinin, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının professoru vəzifəsində çalışır.

O, 120-dən çox elmi məqalənin, 7 monoqrafiyanın, 9 kitabın müəllifidir, rəhbərliyi ilə 2 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Professor Misrəddin Sadıqovun Almaniyanın Lambert nəşriyyatında rus dilində 2 monoqrafiyası: “Субдифференциал высшего порядка и оптимизация” 2014-cü ildə 360 səhifə, “Экстремальные задачи для включений в частых производных” 2015-ci ildə 390 səhifə, çap olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər