15/12/2025
Süleymanov Nadir Məmməd oğlu 15 dekabr 1932-ci ildə Ucar rayonunun Rəstəcə kəndində anadan olmuş, 1951-ci ildə 1 nömrəli Ucar şəhər orta məktəbini bitirmiş, 1951-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmiş (“İstilikkeçirmə tənliyi üçün Koşi məsələsinin ümumiləşmiş funksiyalar sinfində tədqiqi” mövzusunda buraxılış diplom işinə görə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin birinci mükafatı verilib), 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin, 1959-1962-ci illərdə Moskva Dövlət Universitetinin aspirantı (elmi rəhbəri: məşhur alim Georgi Yevgenyeviç Şilov), 1975-1977-ci illərdə doktorantı olub. 1964-cü ildə ADU-da “Diferensial operator tənliklər üçün yarımfəzada korrekt sərhəd məsələləri (01.01.02)” mövzusunda namizədlik, 1982-ci ildə Lomonosov adına MDU-da “Evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr və diferensial tənliklərin keyfiyyət nəzəriyyəsinin bəzi məsələləri (01.01.02)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1960-1965-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi, 1965-1970-ci illərdə həmin institutda baş elmi işçi, 1970-1984-cü illərdə ADU-nun mexanika-riyaziyyat fakültəsinin funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının dosenti, 1984-1990-cı illərdə professoru, 1990-2000-ci illərdə ehtimal nəzəriyyəsi kafedrasının müdiri, 2012-ci ildən 2015-ci ilə kimi BDU-nun funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasında professor-məsləhətçi vəzifəsində işləmişdir.
2013-cü ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi vəzifəsində çalışır. Professor Nadir Süleymanov dəfələrlə Respublika Təhsil Nazirliyinin, Bakı Dövlət Universiteti rektorluğunun fəxri fərmanları ilə təltif olunmuş, 2009-cu ildə ölkə Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. 2012-ci ildə Moskva Dövlət Universitetinin nəşriyyatında onun “Ehtimal, tam funksiya və evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr” adlı monoqrafiyası çap olunmuşdur. Həmin monoqrafiya haqqında görkəmli riyaziyyatçı, Rusiya Elmlər Akademiyasının akademiki Moskva Dövlət Universitetinin professoru V.A.İlyin geniş resenziya yazıb və onu “Pure and Applied Mathematics” jurnalında çap etdirmişdir.
Nadir Süleymanov xüsusi törəməli diferensial tənliklər, funksional analiz və ehtimal nəzəriyyəsi sahələri üzrə mütəxəssisdir. 80-dən çox elmi məqalənin, 2 monoqrafiyanın və bir kitabın müəllifidir.
Alim 25 oktyabr 2024-cü il Bakı şəhərində vəfat etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.