Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları- Musa Əzimov


Əzimov Musa Alı oğlu 20 dekabr 1914-cü ildə Qazax rayonunun Dağ-Kəsəmən kəndində anadan olmuşdur. O, 1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1937-ci ildə həmin fakültəni 1-ci dərəcəli diplom ilə bitirib, riyaziyyatçı və riyaziyyat müəllimi ixtisasına yiyələnmişdir. 1935-1937-ci illər ərzində ADPİ-nin “Riyaziyyat” kafedrasında böyük laborant vəzifəsində çalışmışdır. Əzimov Musa 1938-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olmuş, eyni zamanda həmin institutunun “Diferensial tənliklər” kafedrasında assistent işləmişdir. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinə riyaziyyat müəllimi vəzifəsinə təyin olunmuşdur. Əzimov Musa 1948-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində “Bir sıra xətti diferensial tənliklər sistemi üçün Koşi məsələsi haqqında” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, Ali Attestasiya Komissiyasının qərarı ilə 26 mart 1949-cu ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 28 yanvar 1950-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə Əzimov Musa “Riyazi analiz” kafedrası üzrə dosent elmi adına layiq görülmüşdür. O, 1974-cü ildə “Bir sıra elastiklik nəzəriyyəsinin məsələləri üçün əks olunma üsulunun tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.

Əzimov Musa 1946-1950-ci illərdə Azərbaycan Dövlət Universitetində müəllim, dosent və kafedra müdiri, 1950-1957-ci illərdə Kirovabad şəhərinin H.Zərdabi adına Pedaqoji İnstitutunda “Riyazi analiz” kafedrasının dosenti, kafedra müdiri, 1957-1959-cu illərdə KPİ-də kafedra müdiri, APİ-də dosent, 1959-1963-cü illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda “Riyazi analiz” kafedrasının müdiri, 1963-1976-cı illərdə RDYNMİ-nin Bakı filialında dosent, 1976-1977-ci illərdə Azərbaycan SSR-i EA-nın Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, 1977-ci ildən ADPİ-də “Elementar riyaziyyat və onun tədrisi metodikası” kafedrası  üzrə dosent, 1979-cu ildən “Riyazi analiz” kafedrasında dosent vəzifələrində çalışmışdır. Əzimov Musa 40-dan çox elmi məqalənin, dərs vəsaitinin müəllifi olub.

Əzimov Musa 1-ci dərəcəli “Vətən müharibəsi” ordeni, “Qırmızı ulduz” nişanı, “Qafqaz uğrunda”, “Budapeşt uğrunda”, “Vyana uğrunda”, cəsurluğa görə medallarla təltif edilmişdir. Əzimov Musa 25 iyun 1992-ci ildə Bakı şəhərində vəfat etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər