Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları – Əli Əhmədov


Əhmədov Əli Mustafa oğlu, kompleks oblastda diferensial tənliklər, funksional analiz və operatorların spektral nəzəriyyəsi sahələrində mütəxəssis. Cəbrayıl rayonu, Əfəndilər kəndində, 25 dekabr 1943-cü ildə anadan olmuş, 1961-ci ildə Füzuli rayonu Arayatlı kəndində orta məktəbi qızıl medalla bitirmiş, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmiş, həmin il AEA-nın Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına daxil olmuş və 1969-cu ildə oranı bitirmişdir. 1970-ci ildə AEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akademik Cəlal Allahverdiyevin rəhbərliyi ilə “Banax fəzasında spektral parametrdən rasional asılı olan tamam kəsilməz operatorların bəzi spektral xassələri (01.01.01)” mövzusunda namizədlik, 1994-cü ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Spektral operatorlara yaxın xətti operatorlar nəzəriyyəsinin bəzi məsələləri və onların tətbiqləri (01.01.01)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Əmək fəaliyyətinə AEA-nın Kibernetika İnstitutunda başlamış (1966-1973), 1973-cü ildə ADU-nun Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının dosenti, 1995-ci ildən isə professoru vəzifəsini tutmuşdur. 1996-cı ildən isə həmin kafedranın müdiri vəzifəsində çalışır. 200-dən çox elmi məqalənin, 7 dərslik və dərs vəsaitinin və 2 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 7 fəlsəfə doktoru və 2 elmlər doktoru hazırlanmışdır.

O mütəmadi olaraq beynəlxalq simpozium, konfrans və digər elmi tədbirlərdə iştirak edir. O, həmin tədbirlərdə elmi komitələrin üzvü və təşkilatçısı kimi iştirak edir. Professor Ə.Əhmədov 1978-1979-cu illərdə ABŞ-ın Viskonsin Universitetində (Medison şəhəri) elmi tədqiqat işləri aparmışdır. Həmin dövrdə universitetin riyaziyyat fakültəsinin fəxri üzvi seçilmişdir. Ə.Əhmədov Azərbaycan və xarici ölkələrdən olan gənclərin elmi inkişafında fəal iştirak edir. Dünyanın elmi mərkəzləri (Fransa, ABŞ, Almaniya, Rusiya, Serbiya, Hindistan, İran, Türkiyə, Misir və s.) ilə sıx əlaqədə çalışır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər